Sığınacaqda qalan 3 azyaşlı bacının faciəsi: “Elə bilirlər ki, anaları sağdır”

 17-03-2022

Bir neçə gün öncə üç uşaq anası Ülviyyə Həsənovanın həyat yoldaşı Saməddin Həsənov tərəfindən qısqanclıq zəminində qətlə yetirilməsi barədə xəbər vermişdik.

Sosial şəbəkələrdə qətl hadisəsinin “Ümid yeri” adlı sığınacaqda baş verməsi ilə bağlı məlumat yayıldıqdan sonra Modern.az-ın əməkdaşı müəssisənin rəhbəri Nigar Mənsimova ilə əlaqə saxlayaraq informasiyanı dəqiqləşdirib.

Məlum olub ki, öldürülən qadın 3 övladı ilə birgə “Ümid yeri” adlı sığınacağa müraciət edib, sonra həyat yoldaşı ilə barışıb. Hadisə baş verən gün Ülviyyə Həsənova övladları ilə birgə həyat yoldaşının yanına qayıdacaqdı. Lakin o, naməlum səbəbdən həyat yoldaşı tərəfindən xüsusi amansızlıqla öldürülüb. Hadisə elə sığınacağın qarşısındakı küçədə baş verib.

Anasız qalan 3 uşağın aqibəti necə olacaq?

Nigar Mənsimova Modern.az-a açıqlamasında bildirib ki, uşaqlar hazırda sığınacaqdadır:

“Psixoloqlarımız onlarla söhbətlər aparır. Uşaqların vəziyyəti normaldır. Nəzarətimiz altındadırlar. Hələ ki uşaqların qohumlarından bizə müraciət daxil olmayıb. Onların da başı qarışıqdır, bir qədər vaxt keçdikdən sonra onlarla əlaqə yaradıb, uşaqların gələcək taleyi ilə bağlı məsləhətləşəcəyik. Çünki biz tək başımıza qərar verə bilmərik, uşaqların nənə-babaları da var. Onların da sözü vacibdir”.

Sığınacağın rəhbərinin sözlərinə görə, uşaqların məlum qətl hadisəsindən xəbərləri yoxdur: “Uşaqlar ataları barədə yox, anaları haqqında maraqlanırlar. Biz də dedik ki, ananızın barmağı əzilib, həkimdədir”.

Qeyd edək ki, uşaqların hər üçü qızdır. Onlar 3, 9 və 10 yaşlarındadır.

Xatırladaq ki, martın 13-də baş vermiş hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Samməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Bənzər yazılar

0.14231300354004