Məhkumların məzuniyyət məsələsinə aydınlıq gətirilib

 20-11-2023

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məhkumların hansı hallarda məzuniyyətə buraxılmasına aydınlıq gətirib.

"Report"un xəbərinə görə, Xidmətin rəis müavini Oqtay Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, qanunvericilikdə az ağır, ehtiyatsızlıqdan cinayət törədən və böyük ictimai təhlükə törətməyən məhkumlar məzuniyyətə göndərilir.

Onun sözlərinə görə, müəssisə hüdudlarından kənara 7 gün müddətində rejim qaydalarını pozmayan, cəzalarını yarıya kimi çəkən məhkumlar buraxılır:

"Onlar müşayiətsiz şəkildə öz evlərinə, yaxın qohumlarının yanına buraxıla bilərlər. Məhkumların qida təminatı Nazirlər Kabinetinin qərarına uyğun olaraq çeşidlənib. Bu istiqamətdə biz pilot layihə həyata keçiririk”.

O bildirib ki, layihə Dövlət Turizm Agentliyinin (DTA) Milli Kulinariya Mərkəzi ilə birgə həyata keçirilir:

“Kulinariya Mərkəzinin peşəkar aşpazları tərəfindən məhkumlara aşpaz kursları keçirilir. Onlara keyfiyyətli yeməyin bişirilməsi öyrədilir. Yeməyin bişirilməsində birbaşa aşpazların özləri də iştirak edirlər. Bu da qida təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək bir layihədir. 1 300 nəfər məhkumun cəza çəkməsi üçün nəzərdə tutulan kompleksə məhkumların köçürülməsi yaxın günlərdə baş tutacaq”.

O bildirib ki, cəzaçəkmə müəssisəsinin müşayiətedici konvoy dəstəsi olacaq:

“Eyni zamanda, onları mühafizə edəcək bölük nəzərdə tutulub. Əsgərlərin qalma yeri və qidalanması üçün nəzərdə tutulan yerlərlə də tanış oldunuz. Məqsəd cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır”.

 

Bənzər yazılar

0.12445497512817