SOCAR-a işə qəbul olunan Bakı Ali Neft Məktəbinin məzunları ilə GÖRÜŞ KEÇİRİB

 16-07-2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərin dövlət qurumları və özəl təşkilatların işinə cəlb olunması istiqamətində tapşırığını rəhbər tutaraq, SOCAR-ın təşəbbüsü ilə bu ilin 24-26 may tarixlərində BANM-in məzunlarının işə qəbul prosesinə start verilib.

İşə qəbul prosesi mərhələli şəkildə və müxtəlif müsahibələrlə həyata keçirilib. Nəticədə, müsahibəni uğurla keçən məzunlar SOCAR-ın müxtəlif müəssisələrindən iş təklifi alıblar. Beləliklə, bakalavr pilləsi üzrə 102 məzundan 31-i işlə təmin olunub.

16 iyul 2022-ci il tarixində SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf həmin məzunlarla görüşüb. “SOCAR-ın 2035-ci ilə qədər Korporativ Strategiyası” çərçivəsində müəyyənləşdirdiyi enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi strateji hədəflərindən bəhs edən Rövşən Nəcəf, yeni işə qəbul olunan məzunların potensialının, bilik və bacarıqlarının şirkətin daha parlaq gələcəyinin təmin edilməsində mühüm rol oynayacağını bildirib.

Rövşən Nəcəf gələcəkdə işə qəbul prosesi ilə bağlı SOCAR tərəfindən həyata keçirilən bu kimi layihələrə sahə üzrə digər ali təhsil müəssisələrinin məzunlarının da cəlb olunması məsələsinin diqqət mərkəzində olduğunu qeyd edib.

O, neft-qaz sənayesi üzrə ixtisaslaşmış ən böyük şirkətlərdən biri olan SOCAR-ın Azərbaycanın təşəbbüsü ilə icra olunan qlobal əhəmiyyətli layihələrdə ölkəmizi uğurla təmsil etdiyini diqqətə çatdırıb. 

Sonda yeni işə qəbul olunan məzunlarla öz tövsiyələrini bölüşən Rövşən Nəcəf onlara fəaliyyətlərində uğurlar arzu edib.

Bənzər yazılar

0.14394879341125