Lənkəran icra başçısının müavininin döydüyü deyilən məktəbli xəstəxanaya YERLƏŞDİRİLİB – VƏZİYYƏTİ AĞIRDI

 15-07-2022

Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyeva məktəb direktorunun gözü qarşısında 9-cu sinif şagirdinə olmazın işgəncələr verib.

Bu barədə Bizim.Media-ya döyülən məktəblinin anası Ləman Camalova bildirib.

Onun sözlərinə görə Rasilə Əliyeva qızı Aliyəni öz evinə çağıraraq başına və bədəninə ağır xəsarətlər yetirib:

“Qızım nənəsi ilə Lənkəranda qalır və həmin rayonun 4 saylı orta məktəbində təhsil alır. Mən isə Bakıda yaşayıram. Rəhilə Əliyevanın qızı Sara qızım Aliyə ilə rəfiqədirlər. Səhər tezdən Sara qızıma zəng edib ki, 9-cu sinif attestatları bizdədir, gəl götür. Qızımın dalınca maşın da göndəriblər. Rasilə Əliyeva qızımı evində 5-6 nəfərin gözü qarşısında döyüb və nalayiq ifadələrlə söyüb. Başına telefonla, qarnına və bədəninə təpiklə, əllə zərbələr endirib. Bir azdan həmin evə V.Əliyev adına Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova gəlib.

Görün, bu qadın necə qudurğandır ki, bu qədər adamın gözünün qarşısında uşağımı ölümcül vəziyyətə salıb. Qız elə haladır ki, deyiləsi deyil. Travmadan başı ağırıyır, ürəyi bulanır. Bu gün yenidən həkimə aparacağam. Uşağım onun əlində ölsəydi, nə cavab verəcəkdi? İndi direktor gəlib ayaqlarıma düşsün, görüm nə deyəcək?”

Ana bildirib ki, Sara dəfələrlə Aliyənin telefonundan sevdiyi oğlana mesaj yazıb. Oğlan da Aliyə vasitəsilə Sara ilə əlaqə qurmalı olub:

“Rasilə Əliyeva qızımı və məni əxlaqsız adlandırıb. Öz adını bizə qoyub. Haqqımda, hətta çalışdığım kollektivdən belə məlumat öyrənə bilərsiz. Bu günə qədər haram çörək yeməmişik. Bir də Rasilə Əliyeva barədə məlumat toplayın, görün bütün rayon nə deyir. Təsəvvür edin ki, qızım polis bölməsində ifadə verəndə Rasilə Əliyevadan eşitdiyi ifadələri təkrarlaya bilmədi. Dedi dilə gətirməyə utanıram. Çünki ömründə o sözləri eşitməyib.

Ləman Camalova qızına ağır xəsarətlər yetirən Rasilə Əliyeva barəsində Lənkəran rayon Polis Şöbəsinə şikayət ərizəsi verib və icra başçısının müavininin məsuliyyətə cəlb olunmasını tələb edib:

“Bilmirəm, bu işə nə qədər ədalətli baxacaqlar. Fakt ortadadır. Xəsarətlərlə bağlı ekspertiza rəyi var. Bu məsələnin sonuna qədər gedəcəyəm və Rasilə Əliyeva zorakı əməlinə görə cavab verəcək”, deyə ana qeyd edib.

Məsələ ilə bağlı Lənkəran Rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva Bizim.Media-ya danışıb.

O, Aliyə Camalovanın evində döyülməsini təkzib edib:

“Vəzifədəyəm deyə yapışılası adam mənəm? Axı mənim də səhhətim və evimdə ağır əməliyatdan çıxmış xəstəm var. Aliyənin anası çox şey iddia edə bilər. Yalan məlumatlardır. Onun anası haçandan ortaya çıxdı? O, heç bilmir ki, qızı kimlə yaşayır və onu kim saxlayır. Onun qızı əxlaqsızdır və biabırçı videoları var. Sinif şagirdlərinin adından ona-buna videolar atıb. Belə qızın məktəbdə qalıb oxuması düzgün deyil. Mənim qızımla da rəfiqə deyil və ola bilməz. O, hansı ailədə böyüyüb, bilinmir. Aliyənin xalası kimdi, onu əvvəl kim saxlayıb, gedin onları araşdırın”.

Rasilə Əliyeva adı çəkilən döyülmə faktına görə Lənkəran Rayon polis Şöbəsinə çağırılmadığını da əlavə edib:

“Qızın attestatı mənim evimdə nə gəzir? Mən Təhsil Naziliyinə və ya rayon təhsil şöbəsinə müdaxilə edə bilərəm? Evimdə attestat verilir? Bu qədər yalan olmaz axı... Mən xalqın uşağını niyə döyürəm ki? Ya atası, ya da nənəsi videolarını görüb onu döyüblər. Sadəcə olaraq o videoları mən əldə etmişəm və polis bölməsinə də təqdim etmişəm. Onlar araşdırır. Anası çox şeyi iddia edə bilər. O zaman mən də bədənimin hansısa nahiyəsini göyərdib, fotosunu sizə atım, inanarsız? Bu məsələnin mənə aidiyyəti yoxdur. Niyə polis bölməsinə çağırılmalıyam ki?”, deyə Rasilə Əliyeva qeyd edib.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, Lənkəran ŞRPŞ-yə daxil olmuş müraciət əsasında araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Məsələni diqqətimizdə saxlayacağıq.

 

 

Bənzər yazılar

0.1438410282135