"Norm” Açıq Səhmdar Cəmiyyəti “Gilan İnşaat” MMC-ni məhkəməyə verib.
Yeniavaz.com xəbər verir ki, "Norm" ASC iddia ərizəsində “Gilan İnşaat” MMC-nin alqı-satqı müqaviləsindəki öhdəliklərə əməl etmədiyini iddia edib.
Hakim Emin Əliyevin icraatında olan işə Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Məlumat üçün bildirək ki, "Norm" ASC 04.05.2006-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 161 milyon 962 min 595 manat olan ASC-nin hüquqi ünvanı Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, ev 7-ci km1-də yerləşir. ASC-nin qanuni təmsilçisi Henninq Ernest Vilhelm Sassedir. "Norm" ASC ölkənin ən böyük holdinqlərindən biri olan “NEQSOL Holding”ə bağlı olan sement zavodunu idarə edir.
“NEQSOL Holding”in sahibi Nəsib Həsənov "Nobel Energy", "Nobel Oil E&P (UK) Limited" (Nobel Upstream), "Vodafone Ukrayna", "Bakcell" kimi şirkətlərin sahibidir.
“Gilan İnşaat” MMC isə 01.09.2006-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 min 20 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu Zərifə Əliyeva, ev 38, m. 24-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sultanov Emil Rauf oğludur.
Qeyd edək ki, Emil Sultanov “Gilan İnşaat” MMC-yə yeni direktor təyin olunub. Emin Sultanov eyni zamanda “Gilan Zeytun” MMC-nin də qanuni təmsilçisidir.
Daha əvvəl “Gilan İnşaat” MMC-yə Elvin İsmayılov rəhbərlik edib. Gənclər və İdman nazirinin sabiq müavini İsmayıl İsmayılovun oğlu olan Elvin İsmayılov 1987-ci ildə anadan olub. 2011-2012 (24 yaşında) Bakı Şəhər Vergilər Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, 2012-ci il (25 yaşında) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin idman məsələləri üzrə köməkçisi, 2014-cü ildə (27 yaşında) Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş idarəsinin rəis müavini olub. 2012-ci ildən bu günə qədər “Qəbələ” İdman Klubunda atıcılıq növləri üzrə vitse-prezidentdir. 2016-cı ildən “Gilan İnşaat” MMC-nin Baş direktorudur.
“Gilan İnşaat” MMC rəhbərliyində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun övladları Tale və Nicat Heydərovların da yer aldığı “Gilan Holdinq” MMC -yə bağlıdır. “Gilan İnşaat” MMC-nin Baş direktoru Elvin İsmayılov Tale Heydərovun prezidenti olduğu (hazırda deyil) “Qəbələ” İdman Klubunda da vitse-prezident olub.
Onu da qeyd edək ki, son illər “Gilan İnşaat” MMC barəsində çoxsaylı məhkəmə idduaları qaldırılıb. Belə ki, 2020-ci ildə "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi "Göknur Bakı LTD" MMC alqı-satqı müqaviləsinə görə, 2021-ci ildə xarici ölkə vətəndaşı olan Phakhrı Amırjanovun rəhbərlik etdiyi “Qara çay” şirkəti icarə müqaviləsinə görə, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Milli gəlirlər Baş İdarəsi vergi borcuna görə “Gilan İnşaat” MMC-ni məhkəməyə verib.