Rəcəb Tayyib Ərdoğan- Vladimir Putin görüşündən GÖZLƏNTİLƏR

 15-07-2022

“Rusiyanın Suriyada taktiki sahələrdən geri çəkildiyi doğrudur. Lakin özü üçün kritik olan əraziləri, bazaları və boğazları saxlamağa davam edir. Belə olan halda bunu Rusiyanın geri çəkilməsi kimi qiymətləndirmək olmaz. Sadəcə dediyim kimi, bəzi ərazilərdə boşluqlar var ki, həmin boşluqları Suriya Prezidenti Bəşər Əsədin tabeliyində olan ünsürlər və İranın nəzarətində olan silahlı birləşmələr doldurub”.

Bunu OXU.AZ-a açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar deyib. 

Ekspertlə Ərdoğan və Putin arasında Tehranda gerçəkləşəcək görüş və bu görüşdən çıxa biləcək nəticələr barədə söhbət apardıq.

Həmin müsahibəni təqdim edirik:

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüşdə dünya bazarına taxıl ixracı üçün Qara dənizdən təhlükəsizlik koridorunun açılması barədə nəticə əldə edilməsi mümkündür? 

- Əslində bu məsələyə insani nöqteyi-nəzərindən baxılarsa, onun həlli son dərəcə bəsitdir. Ancaq tərəflər problemdən silah kimi istifadə etməyə çalışanda işlər qarışır. Rusiya başda “Moskva” kruiz gəmisinin qisasını almaqla yanaşı, Odessada minaların yerini dəyişərək bir sıra məqsədlərə nail olmağa, Ukrayna tərəfi isə bu “kozır”dan Rusiyaya qarşı vicdan silahı kimi istifadə etməyə, eyni zamanda Rusiyanın Odessa sahillərinə qalıcı şəkildə çıxmasına mane olmağa çalışır. Müharibə qanunlarına xələl gətirmədən hərbi heyətlər məsələni həll edərsə və lazımi yerlərdən də razılıq verilərsə, sözügedən məsələ həllini tapa bilər. Nəticədə taxıl problemini həqiqətən böhran kimi qəbul etmək lazımdır. Çünki Afrikada indidən aclıqdan əziyyət çəkən insanların sayı 100 milyondan 170 milyona çatıb. Bunun Rusiyaya mənfi təsirlərini Putinin dəyərləndirə biləcəyini düşünürəm. 

- Rusiya ordusunun Suriyanın bəzi bölgələrindən çəkilməsi sadəcə Ukraynadakı müharibə ilə əlaqəlidir, yoxsa başqa səbəblər də var? Ümumiyyətlə həmin ərazilər kimlərin nəzarətindədir? 

- Rusiyanın Suriyada taktiki sahələrdən geri çəkildiyi doğrudur. Lakin özü üçün kritik olan əraziləri, bazaları və boğazları saxlamağa davam edir. Belə olan halda bunu Rusiyanın geri çəkilməsi kimi qiymətləndirmək olmaz. Sadəcə dediyim kimi, bəzi ərazilərdə boşluqlar var ki, həmin boşluqları Suriya Prezidenti Bəşər Əsədin tabeliyində olan ünsürlər və İranın nəzarətində olan silahlı birləşmələr doldurub. Rusiyanın isə Suriyadan tam çəkilib-çəkilməyəcəyi hələ ki bilinmir. Yəni geri çəkilmə yox, seyrəlmə var. Lakin açığını desək, Ukrayna ilə müharibə səbəbindən Suriya bölgəsindən bir çox əsgərlərini də həmin ərazilərə göndərdiyini müşahidə edirik.  

- İki liderin görüşməsində Qarabağ və Zəngəzur dəhlizi ilə əlaqədar müzakirələr ola bilər?

- Əslində bu da qarışıq məsələdir. Çünki işə Avropa Birliyi də qarışıb. Rusiya da, Avropa Birliyi də problemi öz təşəbbüsləri ilə öz maraqlarına uyğun şəkildə həll etməyə çalışır. Ermənistan da hər zaman olduğu kimi hiyləgərliyə əl atır. Lakin bu məsələnin həll olunması üçün Azərbaycan tələblərini daha kəskin şəkildə qoymalıdır. Proses öz axarına buraxılarsa, Rusiya bu işi öz mənafeyi çərçivəsində gecikdirəcək və ya dayandıracaq. Azərbaycan torpaqlarında separatçıların siyasi və hərbi şəkildə yuvalanması da Rusiyanın havadarlığı ilə baş verir. Bu məsələdə də böyük mübarizə və Azərbaycan torpağının bu ünsürlərdən təmizlənməsi gərəklidir. Rusiyanın öz mənafeyi üçün separatçılardan istifadə etməsi xoşagəlməz haldır. 

- Bu görüşdən hansısa nəticə gözləmək olar?

- Bu cür görüşlərdən həmişə müsbət və ya mənfi nəticələr çıxır. Çünki görüş müzakirə masasında keçirilir. İki liderin ortaq məxrəcə gəlib-gəlməyəcəyini görəcəyik. Suriya məsələsi olduqca qəlizdir. Türkiyə Suriyada gedən proseslərə ciddi yanaşır və eyni zamanda yaxından izləyir. Türkiyə burada PKK-ya qarşı ya Rusiya və ABŞ-la, ya da onların iştirakı olmadan mübarizə aparacaq.

Aqil Vəlili

Bənzər yazılar

0.20568203926086