Sahil Babayev: "516 manat pensiyaya az demək olmaz"

 05-11-2023

Mütləq rəqəmlərimiz az deyil, sadəcə, ürəyimiz istəyən səviyyədə deyil. 516 manat pensiyaya az demək olmaz.

Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı əmək və sosial müdafiə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, regionumuza görə pensiyanın tam az olduğunu demək olmaz: “Median əməkhaqqı son 4 ildə 2,4 dəfə, median pensiya 2,5 dəfə artıb. Növbəti il indeksasiya baş verəndə median pensiyamız 10 % artacaq. Bu da baza ilə müqayisədə ciddi şəkildə artım deməkdir. 5 il əvvəl orta pensiya 227 manat ətrafında idi, artıq 516 manata gəlib çatıb. Bu gün pensiya əməkhaqqından daha sürətlə artır. Çünki dövlət böyük sosial yükü öz üzərinə götürüb.

Orta pensiyanın orta əməkhaqqına nisbəti məsələsi var. Minimum əməkhaqqının orta əməkhaqqına nisbəti 60 % tövsiyə edilir. Amma Avropada cəmi 4-5 ölkədə bu nisbətə çatılır. Bizdə bu rəqəm 45-40 % ətrafındadır. Biz minimum əməkhaqqını artırmalıyıq. Bunun üçün iş gedir. Sadəcə, bu, elə həddə çatdırılmalıdır ki, özəl sektor üçün məsuliyyətə çevrilsin. Növbəti dövrlərdə bu addımlar atılacaq”

Bundan başqa, nazir bildirib ki, vətəndaşın leqal əməkhaqqı alması, sosial sığorta haqqı ödəməsi pensiya artımına təsir edən əsas amildir.

Nazir bildirib ki, bu sahədə işləri davam edəcək: “Bu gün mütləq rəqəmlər bizim arzu etdiyimiz rəqəmlərdən azdır. İşə düzəlmə ilə bağlı işlər dinamikləşdirilib. 500 min işsiz şəxs məşğulluq mərkəzləri vasitəsilə işə düzəlib. İşəgötürənlərin vakansiyalarının elektron portala yerləşdirilməsi problemi var idi. Son 5 ildə 700 mindən çox vakansiya elektron portalda yerləşdirilib. Növbəti illərdə bu rəqəmlərin daha da artacağına inanıram”.

Sahil Babayev insanların işsizliyə stimullaşdırılmasına qarşı olduğunu bildirib: “İşsizliyə görə sığorta haqları müəyyən müddət işləmiş şəxslərə verilir. Burada ana prinsip işdən çıxan şəxsin iradəsindən kənar hal olmalıdır ki, ona bu vəsaiti verə bilək. Əks halda biz onları işsizliyə stimullaşdırmış olarıq. Növbəti olaraq, biz sığorta stajının müddətini 30 aydan 24 aya endiririk. 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək. Əvvəl bu tələb 3 il idi. Növbəti ildə biz 15 milyona yaxın sığorta ödənişi etməyi planlaşdırırıq”.

Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsinə dair qanunvericilik paketi artıq hazırlanıb.

"Aydındır ki, DSMF-nin ehtiyatları daha böyükdür. Işsizlikdən Sığorta Fodunun ehtiyatları isə daha kiçikdir. Ona görə də aralarında böyük bir məbləğ fərqi var. Paket olaraq hər ikisi hazırdır. DSMF artıq investisiya fəaliyyətinə başlayıb. Artıq kapital bazarlarına təqribən 800 milyon manat həcmində investisiya edilib. Bu əsasən çox konservativ bir yanaşma ilə aparılır. Belə fondların təcrübəsindən də irəli gələrək ilk olaraq investisiya fəaliyyəti konservativ investisiya aləti ilə getməlidir", - nazir bildirib.
 
Onun sözlərinə görə, DSMF-in sərbəst vəsaitləri əsasən dövlət qiymətli kağızlarına, 5 %-i isə banklara yönəldilib: "Mənfəətlilik dərəcəsi isə 8,1 - 8,3 % ətrafındadır".
 
S. Babayev bildirib ki, dövlət qiymətli kağızlarının satışı açıq hərraclar vasitəsilə keçirilir: "DSMF də bu hərraclarda iştirak edir. Qaydaların iyun ayında təsdiqindən sonra avqustdan etibarən investisiyaya başlanıldı. Qaydalara əsasən, investisiya ancaq dövlət qiymətli kağızlarına, dövlət zəmanətli qiymətli kağızlara, 5 % həcmində bəlli kriteriyalara uyğun gələn, müvafiq rezervləri olan banklara, repo və əks-repo əməliyyatlarına yatırıla bilər.
 
Bunlardan başqa yerlərə investisiya edilməsi səlahiyyəti bu gün nə DSMF-də var, nə də İşsizlikdən Sığorta Fondunda. Bu gün Azərbaycanın dövlət qiymətli kağızlarının gəlirlilik dərəcəsi kifayət qədər yüksəkdir və az risklidir. O vəsaitlərin hazırda başqa istiqamətlərə yönəldilməsi planlarımızda yoxdur.
 
İnvestisiyalardan əldə ediləcək gəlirin də hara yerləşdirilməsi istiqamətləri qaydalarda açıq şəkildə qeyd edilib. Burda bir neçə istiqamət var. Bunlardan birincisi sosial islahatların maliyyələşdirilməsidir".
 

Bənzər yazılar

0.53253602981567