BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitəsi 14 günlük ödənişli atalıq məzuniyyətinin qanunvericiliyə daxil edilməsinin sürətləndirilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyə verib.
Tövsiyədə məişət və uşağa qulluq öhdəliklərinin bərabər şəkildə bölüşdürülməsi, eləcə də məsuliyyətli atalığı təşviq, Əmək Məcəlləsinə 14 günlük ödənişli atalıq məzuniyyətinin daxil edilməsi ilə bağlı dəyişiklik layihəsinin qəbulunu sürətləndirmək üçün ünvanlı, o cümlədən maarifləndirmə tədbirlərinin görülməsi əksini tapıb.
Tez-tez gündəmə gələn 14 günlük ödənişli atalıq məzuniyyətinin verilməsi Azərbaycan qanunvericiliyinə də əlavə oluna bilərmi?
Valyuta.az məsələni hüquqşünas Qulamhüseyn Əlibəyli ilə müzakirə edib.
Hüquqşünas bildirib ki, Azərbaycan beynəlxalq konvensiyaların üzvüdür və bu konvensiyalarda göstərilən bir çox məsələlər artıq ölkənin daxili qanunvericiliyində öz əksini tapıb:
“Ataların bir sıra hallarda analarla eyni hüquqa malik olması məsələsi də qanunvericiliyimizdə öz əksini tapıb. Məsələn, uşaqların xəstələnməsinə, müalicəsinə görə qanunvericilkdə "təkbaşına sözü" ilə vurğulanan ataların da məzuniyyət almaq hüququ nəzərdə tutulub. Bundan əlavə sosial müdafiə ilə bağlı qanunvericilkdə kompensasiya və digər başqa hüquqlar da öz əksini tapıb. Hesab edirəm ki, bu məsələlər tam şəkildə rəsmiləşərsə, atalıq məzuniyyəti də qanunvericiyə daxil ola bilər”.
“Bu məzuniyyət ictimaiyyət tərəfindən necə qəbul edilər" sualına da cavab verən hüquqşünas bildirib ki, bu artıq sonrakı dövrlərin işidir:
“Amma düşünürəm ki, mentalitetimiz də, ictimaiyyətimiz də bunu qəbul edər”.