2024-cü ildə pensiyalar nə qədər artırılacaq?

 20-10-2023

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, Azərbaycanın gələn il sosial müdafiə və sosial təminat xərcləri 4 542 232 496,0 manat olacaq.

Bu da 2023-cü illə müqayisədə 5,2 faiz çoxdur. Belə ki, ötən il sosial müdafiə və sosial təminat xərcləri üçün büdcədə 4 315 933 969,0 manat nəzərdə tutulub.

Bəs, pensiyaların artımı gözlənilirmi? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli, 5 faizlik artımın gözlənilən çərçivədə olduğunu bildirib: 

“Bu da onu deməyə əsas verir ki, sosial yardımların və təqaüdlərin verilməsində təqribən 5-8 faizlik, bəlkə də 10 faizə yaxın artım müşahidə oluna bilər”. 

Ekspert pensiyaların artım tempi ilə gözləntilər arasındakı fərqə də diqqət çəkib:

“Bu cür artım, təbii ki, gözləntilərə cavab vermir. Ona görə ki, gözləntilər sosial yardım və təqaüdlərin kəskin artımı istiqamətindədir. Amma bunun baş verməsi üçün elə də böyük imkan yoxdur. 

İstənilən halda sosial xərclərin 5 faiz də olsa artması yaxşı xəbərdir. Bu həcm parlamentdə büdcə müzakirələri zamanı bir az da artırıla bilər. Yəni, 2024-cü ilin dövlət büdcəsində sosial xərclərin artırılması sosial yardımların və təqaüdlərin artımına təsir göstərə biləcək mühüm amildir”. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə deyib ki, hər ilin yanvar ayında pensiyalardakı artım əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq həyata keçirilir.

O qeyd edib ki, bu ilin 7 ayında orta aylıq əməkhaqqı 11,2 fazi artıb.

"Bu səbəbdən gözlənti ondan ibarətdir ki, pensiyalar 11 faiz ətrafında indeksasiya olunaraq artırılacaq. Burada bütün növ əmək pensiyalarının artırılmasında söhbət gedir. Əvvəlki illərdə təxminən 100 minə yaxın vətəndaşımızın əmək pensiyası artırılmırdı. Amma indi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq.

 

Artım məbləği fərqli olacaq. Artımlar faizlə hesablandığı üçün bu, pensiya məbləğindən asılı olaraq dəyişəcək. Məsələn, 1000 manat pensiya alanlarda 100 manatdan artıq artım olacaq", - deyə deputat əlavə edib.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan 1 milyon 96,6 min nəfər pensiyaçı var. Bu, ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq, 435 manat təşkil edib. 

 

Bənzər yazılar

0.26404786109924