Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Londonda keçirilən Din və Etiqad azadlığı üzrə nazirlər konfransında iştirak edib.
MillətinSəsi.info APA-ya istinadla xəbər verir ki, konfrans zamanı xarici işlər naziri Liz Trass hər kəsi din azadlığını müdafiə etmək və müsbət dəyişiklik potensialını göstərmək üçün birlikdə işləməyə çağırıb.
O bildirib ki, insanlara inandıqları şeyi seçmək imkanı verən cəmiyyətlər daha yaxşı, daha güclü və nəticədə daha uğurludur.
Konfrans çərçisində şeyxülislam ikitərəfli görüşlər keçirib, Böyük Britaniya Baş nazirinin dəvəti ilə az sayılı qonaqların iştirak etdiyi Britaniya Baş nazirinin iqamətgahı olan “10 Downing Street”də keçirilən tədbirdə iştirak edib.
O, Britaniyanın Cənubi Asiya və Şimali Afrika regionları üzrə dövlət naziri Lord Tarıq Əhməd ilə görüşüb. Lord, Azərbaycan kimi dinlərarası dialoq sahəsində mühüm rol oynayan bir dövlətin və onun nümayəndəsinin bu konfransda iştirak etməsinin əhəmiyyətini vurğulayıb. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin din və etiqad azadlığına göstərdiyi xüsusi diqqətdən danışıb.
Allahşükür Paşazadə Anqlikan kilsəsinin lideri Arxiyepiskop Castin Velbi ilə görüşüb. Görüşdə Şeyxülislam Azərbaycanda din və etiqad azadlığına göstərilən qayğı və diqqətdən danışıb, arxiyepiskopu Azərbaycana dəvət edib.
Şeyxülislam BMT-nin baş katibinin müavini, Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Miguel Moratinos ilə də görüşüb. Şeyxülislam konfrans iştirakçılarından Britaniya yəhudi icmasının baş ravvini Efraim Mirvis, Simon Vizental Mərkəzinin rəhbəri Abraham Kuper, Qazaxıstanın informasiya və sosial inkişaf naziri Askar Omarov, Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Viktor Opaski, Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov, Finlandiyanın müsəlman İcmasının rəhbəri Atik Ali və başqaları ilə görüşüb.
Qeyd edək ki, Din və Etiqad azadlığı üzrə nazirlər konfransı Böyük Britaniyada bu istiqamətdə keçirilən ilk tədbirdir.