Azərbaycanda demoqrafik duruma nəzər salsaq, qadın-kişi balansında sabitliyin olduğunu görə bilərik. Bir çox sahələrdə qadınlar kişilərlə bərabər, təhsil, səhiyyə kimi sektorlarda isə say etibarilə çoxluq təşkil edirlər.
Siyasi arenada isə vəziyyət tamamilə fərqlidir. Bu vəziyyət idarəetmədə rəhbər vəzifələrdə də özünü açıq şəkildə göstərir. Hazırda ölkəmizdə nə qadın nazir, nə siyasi partiya rəhbəri, nə də icra başçısı var. Bəli, vaxtilə sayları az da olsa, sadalanan vəzifələrdə qadın rəhbərlər olub, lakin indi onların sayı sıfıra bərabərdir.
Maraqlı məqam bundan ibarətdir ki, Azərbaycan qadını əvvəlki illərlə müqayisədə daha güclü, təhsillidir, öz ayaqlarının üstündə durmağı bacarır. O da açıq-aydın görünür ki, digər region və şərq ölkələri ilə müqayisədə gender mövzusunda ölkəmiz xeyli irəlidədir.
Bəs, bu duruma səbəb nədir? Kişilər idarəetməni qadınlardan daha yaxşı bacarırlar?
Psixoloq Elnur Rüstəmov Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda qadın nazir, icra başçısı, siyasi partiya rəhbəri, ictimai xadimlər, millət vəkilləri, komitə sədri olan xanımlar olub, hazırda da var:
“Hazırda Parlamentin spikeri, Ombudsman, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanımdır. Yəni bu gün Azərbaycanda xanımlar istər qanunverici orqanlarda, istər icra orqanlarında, istər məhkəmə-hüquq sistemində təmsil olunurlar. Xanımlar Azərbaycanın ictimai, siyasi həyatında aktiv iştirak edirlər. Burada gender bərabərsizliyindən danışmaq bir az tez olardı, çünki, qadınlar qeyd etdiyim qurumlarda təmsil olunurlar.
Bu proses artan templə inkişaf edir. Şübhəsiz ki, dünənə qədər bizim kifayət qədər təhsil alan xanımlarımız da yox idi. Qadınlar daha çox ailənin idarəedilməsində, uşaq tərbiyəsində aktiv iştirak edirdilər. Bu gün isə bizim kifayət qədər təhsilli, çalışan xanımlarımız var. Bəli, elə idarəetmə sahələri var ki, orada kişilərin çalışması məqsədəuyğun hesab edilir. İş yükünün ağırlığı, stress və s. səbəblərdən dolayı bu sahələrdə daha çox kişilər çalışır.
Xüsusən, mən güc strukturlarında olan işləri nəzərdə tuturam. Ancaq elə sahələr də var ki, orada xanımlar aktiv iştirak etməlidirlər ki, bu istiqamətdə mən ölkəmizdə xüsusi bir problemin yaşandığını görmürəm.
Əlbəttə, müasir idarəetmə sistemi də fərqlidir.
Burada daha çox menecerlik, işin təşkili, analitik düşünmə, çevik qərarvermə və s. amillər tələb olunur. Bu gün idarəetmənin özü də müəyyən qədər texnolojiləşib (red. texnologiyanın inkişafı ilə dəyişikliyə uğrayıb), yeni bilik və bacarıqlar tələb olunur. Prosesin özü gender bərabərliyinin formalaşmasına zəmin yaradır.
Şübhəsiz ki, bütün bunlar təkamül prosesində baş verməlidir. Yenə də qeyd etmək istərdim ki, bu gün Azərbaycanın ictimai-siyasi həyatında qadınlar aktiv iştirak edirlər, dinamik fəaliyyətləri ilə də fərqlənirlər”.