Dilarə Kazımova: “Kişilər mənə yaxınlaşmağa qorxurlar”  

 06-07-2022

“Avroviziya” səhnəsindəki çıxışım zamanı mənə qarşı ədalətsizlik olunduğunu düşünürəm. İndiyə qədər də izləyicilərimdən o mahnı ilə bağlı yüksək geri dönüşlər alıram. Bu mahnı ilk onluğa girməli idi. Bunu öz ifam olduğu üçün demirəm. Ümumiyyətlə, son illər biz “Avroviziya”da çox gözəl ifalar edirik - istər səhnə dekoru olsun, istərsə də performans. Ancaq nədənsə ilk onluğa girə bilmirik. Burada haqsızlıq olduğunu düşünürəm”. 

Bu sözləri oxu.az-a müsahibəsi zamanı 2014-cü ildə “Start a fire” mahnısı ilə Danimarkada ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi Dilarə Kazımova bildirib.

Sosial şəbəkə paylaşımları ilə tez-tez gündəm olan Dilarəni bu müsahibədə fərqli prizmadan və daha yaxından tanıyacaqsınız:

- Dilarə xanım, hər zaman sadəliyinizlə fərqlənmisiniz. Bir çox müğənnilər tanınan kimi dəyişməyə başlayırlar. Sadəliyinizi necə qoruyub-saxlaya bilirsiniz?

- İnsanları və öz peşəmi sevirəm. Qıraqdan nə qədər soyuqqanlı görünsəm də, əslində, çox kövrək ürəyim var. İnsanlar var ki, bu sadəliyimi yaxşı dəyərləndirirlər. Ancaq bəziləri var, həddi keçirlər, beş dədiqədən sonra “sən” deyə müraciət edirlər, sanki biz çoxdan tanışıq kimi davranmağa başlayırlar. İnsanlara hörmətlə yanaşıram, ancaq belə anlarda çətinlik çəkirəm.

- Şou-biznesin ən çalışqan xanımlarından birisiniz desək, yanılmarıq. Bəs sizi motivasiya edən nədir?

- Adamın özünün içində enerji olmalıdır. O enerji olmayanda heç kim məni yataqdan qaldıra bilmir. Öz-özümə soruşuram, Dilarə, həyatda ən sevdiyin şey nədir? Cavab olaraq tapıram ki, oxumaq, ifalarımı insanlarla bölüşmək… Ruhdan düşdüyüm anlar da olur, ancaq bir-iki günə özümü toparlayıram.

- Son klipinizə 15 min dollar xərcləmisiniz, onu bu qədər bahalı edən nə idi?

 - Biz çalışdıq ki, klipdə hər şey - çəkiliş, geyimlər və s. - keyfiyyətli olsun. Əgər gözəl bir iş ortaya qoymaq istəyiriksə, ödəniş etməyə də razı olmalıyıq. Ancaq məni ruhdan salan məqamlar da oldu. “YouTube” platformasında klip az baxış sayı yığdı, bu məni məyus etdi. Dedim ki, bir də belə bahalı klip çəkdirməyəcəm. İnsanlar arasında isə mahnıya müsbət geri dönüşlər aldım.

İfaçı Rəhim Rəhimliyə də klipimi göstərdim, bəyəndi, keyfiyyətli bir iş olduğunu söyləyib, məni təbrik etdi. Bu mahnımda İlhamə Quliyeva yadıma düşür, eqolu bir mahnıdır. Bizim əsas məqsədimiz o idi ki, insanlara özünəinam aşılasın. Gözəllik standartlarına uyğun deyiliksə, o demək deyil ki, gözəl və xarizmatik deyilik, cazibə də, xarizma da bizdədir.

Mən klipimdə həm bəstəboy qız, həm kök qız çəkdim, bu klip bir mesaj idi. Klipdən sonra balaca boylu xanımlar mənə yazdılar ki, çox sağ olun ki, siz bizə gözəl olduğumuzu xatırlatdınız. Bu belədir, insanlara bir balaca özgüvən verdikdə onlar özlərini sevməyə başlayırlar.

- Cəmiyyətdə müğənnilərə imkanlı şəxslər kimi baxılır, çünki hər zaman evləri və bahalı maşınları ilə gündəmdə olurlar. Siz necə, özünüzü varlı müğənni hesab edirsiniz?

- Məndən tez-tez soruşurlar ki, sənə çoxlu bahalı hədiyyələr verirlər, sən niyə onları çəkib göstərmirsən? Mən belə şeyləri sevmirəm, hər şeyim var, ancaq bunları üzə çıxarmağı, nümayiş etdirməyi xoşlamıram. Bu, düzgün deyil mənə görə, buna imkanı çatmayanlar var. Mən istəyirəm ki, insanlar məni sənətimə görə izləsinlər, nə aldım-almadım - bu, önəmli olmamalıdır. Bu gün pulum var, sabah olmaya bilər, belə şeylərlə tanınıb qabağa getmək, özünü insanların gözünə soxmaq düzgün deyil.

- Xəyanət mövzusunda insanlar müxtəlif fkirlər səsləndirirlər. Kimisi “kişidir, edər” deyir, kimisi də “boşanacaqsan, kişi gedib yenidən evlənəcək, qadın qalacaq ortada, yanında uşaq onu alan olmayacaq” və s. Bəs Dilarə xanım bu mövzuda nə düşünür?

- Mən o qədər xanım tanıyıram ki, üç-dörd uşağı ilə ailə qurdu. Kişi ailə qura bilər, qadın yox? Qadınları bu cür çərçivəyə salanda mən çox əsəbiləşirəm. Üç il bərabər olduğum şəxs mənə xəyanət edib və mən onu bağışlaya bilmədim. Mən bilirəm ki, onsuz da, tək qalmayacam. Bu, qarşılıqlı olmalıdır, ya bir-birini sevirlər, ya da sevmirlər, ya bərabərdirlər, ya da bərabər deyillər. Bu proses həm kişidən, həm də qadından asılıdır.

Heç kim deməsin ki, qadın sabah ərə gedə bilməyəcək. Məsələn, mən boşanmışam və indiyə qədər də mənə təkliflər gəlir. Qəbul etməmişəm, çünki özüm istəmirəm. İndi yazacaqlar ki, səni kimdir alan bundan sonra. Siz narahat olmayın, alan var, zəng edib istəyən, elçi göndərən də var. Çünki məni tanıyanlar bilirlər ki, bu açıq-saçıqlığım bir obrazdır. Məncə, xəyanət edib-etməmək bir seçimdir. Qadınlara qarşı belə fikirlərin səsləndiyini görəndə başa düşə bilmirəm. Mənim rəfiqəm iki uşağı ilə üçüncü dəfə ərə gedib. O indi boşansa, dördüncü dəfə də ailə quracaq. O, hamilədir, yenə də ona təkliflər gəlir, bu, qismətdir.

- Heyvanları çox sevdiyinizi bilirik, maraqlıdır, indiyə kimi neçə ev heyvanınız olub?

- Tutuquşum, balığım da olub. Ancaq itləri və pişikləri xüsusilə sevirəm. Hazırda iki itim var. Biri rəfiqəmin itidir, bizdə qalır və öz itim Simba. Simbanı mənim rəfiqəm Ayna Sultanova heykəli tərəfdən qutunun içinə qoyub gətirib, çox balaca idi. İndi isə Simba 37 kilo olub. Rəfiqəmə deyirəm ki, yenə küçədə it görsən, götürüb gətirmə, bu dəfə pələng çıxacaq (gülür). Heyvansız həyatımı təsəvvür edə bilmirəm, onlar məni depressiyadan çıxarır, bizə sevgini öyrədirlər. Onlar səni sən olduğun üçün sevirlər, vacib deyil, sən necə görünürsən, səni şərtsiz, ürəklə sevirlər. Mən bu hissi çox sevirəm.

- Son vaxtlar sosial şəbəkələrdən məşhurlara təhdid və şantaj halları çoxalıb, bəs sizin başınıza belə bir hadisə gəlib?

- Mən çox şadam ki, belə şeylərə rast gəlməmişəm. Şantaj çox alçaq bir yoldur. İnsan sənə inanırsa və sən bu vəziyyətdən istifadə edib onun inamını qırırsansa, bu, düzgün deyil. Məni şantajla əldə tutmaq olmaz, şantaj edən olsa, deyəcəm ki, paylaş. İstəyirsənsə, mən özüm paylaşım, məni belə şeylərlə qorxutmaq olmaz. Şantajın sonu yoxdur, pul aldıqdan sonra sənə onun zəmanətini kimsə vermir ki, bu şəkil, videolar heç yerdə çıxmayacaq. O yenə zəng edib pul istəyə bilər.

- Cazibədar bir xanım olaraq, yəqin ki, indiyə qədər çoxlu sayda hədiyyə almısınız. Bunlardan sizin üçün ən unudulmazı hansı olub?

- Mənim üçün ən gözəl hədiyyə itimdir, 8 Mart hədiyyəsi idi. Ümumiyyətlə, mən hədiyyələri çox sevirəm və tez-tez də alıram, davamlı olsun (gülür). Bir layihəni həyata keçirmək istəyirdim və dostlarıma bildirmişdim ki, mənə doğum günümdə hədiyyə almayın, kartıma pul göndərin ki, o layihəni gerçəkləşdirim, bu mənim üçün hədiyyədir. Və dostlarım da məni başa düşmüşdülər. Özləri də deyirlər ki, biz çox şadıq ki, sən çanta, ayaqqabı yox, layihələrini reallaşdırmaq istəyirsən, dayanmırsan.

- Peşmansınız ki?

- Peşmanam ki, peşman deyiləm (gülür). Mən səhvlərimi də sevirəm, çünki onlara səhv kimi baxmıram, bu, bir imtahandır. Mən həyatı çox sevirəm, o, çox rəngbərəngdir və hər an nəsə dəyişir. Həmişə bunu özümə xatırladıram ki, nə qədər yüksəkdə olsan, bir saniyədə aşağı düşə bilərsən, nə qədər aşağıda olsan, birdən yüksələ bilərsən. Biz hadisələrə dərs, təcrübə kimi yaxınlaşsaq, o bizə peşmanlıq və zülm olmayacaq.

- Dilarə xanım bir gün...

- Dünya starı olacaq (gülür), Dilarə bir gün ərə gedəcək, ana olacaq, “Avroviziya”ya yenidən qatılacaq, Rihanna, Beyonce ilə duet oxuyacaq... Çox şeylər deyə bilərəm, hədəflərim böyükdür. Ancaq ən böyük hədəfim isə hüzur və xoşbəxtliyi tapmaqdır. Bəzən düşünürük ki, mən burada birinci yeri tutum, xoşbəxt olacam, birinci yer tutduqda isə görürsən ki, əsl xoşbəxtlik o deyilmiş.

- Dilarə xanıma görə, sevilən qadın olmağın əsas sirri nədir?

- O sirri hələ ki tapmamışam. Kişilər bəzən mənə yaxınlaşmağa qorxurlar, çünki səsim sərtdir, düşünürlər ki, onlara kobud sözlər deyəcəm. Rol oynamaq, özün olmamaq düzgün deyil. Özümüz olmaq və özümüzü inkişaf etdirmək lazımdır. “Mən özümü belə sevirəm” deyib dayanmaq düzgün deyil, bir yerdə oturub dayanmaq olmaz. Mərhəmətli olmaq lazımdır demək istəyərdim, ancaq o qədər qadın tanıyıram ki, mərhəmətli deyillər, ancaq çox xoşbəxtdirlər. Ona görə də dilim gəlmir deyəm.

Cazibə olmalıdır, ilk görüşdə sevgiyə inanıram. İnsanı gördükdə, gözünün içinə baxdıqda özünü itirdinsə, itirdin, itirmədinsə, düşünürəm ki, sonradan sevgi yaranmayacaq. Məndən tez-tez soruşurlar ki, kişi necə olmalıdır ki, sən onu sevəsən? Düşünürəm ki, aramızda cazibə olmalıdır və qismət. Mən qismətə çox inanıram. Bəzən qadınlar özlərini düzgün aparır, gözəl yeməklər bişirirlər, mərhəmətli, mehribandırlar, gözəldirlər. Düşünürsən ki, kişi onun yanında çox xoşbəxt olmalıdır. Ancaq çox zaman bu belə olmur, həmin xanım kişiləri cəlb etmir. Qadının içində bir cəlbedicilik olmalıdır.

- Prinsiplərinizin üzərindən nə zaman xətt çəkmisiniz?

- Xətt çəkmişəm deməyim, amma getdikcə böyüyürsən. Əvvəl düşünürdüm ki, həyatımda iki rəng var - ağ və qara, ortası yoxdur. Ya insanı sevirsən, ya sevmirsən, ya dostsan, ya dost deyilsən. Ancaq sonra anladım ki, orta rənglər də var, insanları daha çox anlamağa başladım. Əvvəllər kimsə mənə qarşı mənfi bir hərəkət edəndə onunla münasibətimi kəsirdim. Ancaq indi düşünürəm ki, bəlkə, onun həyatında elə bir şey baş verib ki, belə bir addım atıb. “Heç vaxt etmərəm” demirəm, çünki belə dedikdə başıma gəlir, bumeranq və enerjiyə inanıram.

- Sizə qarşı edilən ən böyük ədalətsizlik nə olub?

- “Avroviziya” səhnəsindəki çıxışım zamanı mənə qarşı ədalətsizlik olunduğunu düşünürəm. İndiyə qədər də izləyicilərimdən o mahnı ilə bağlı yüksək geri dönüşlər alıram. Bu mahnı ilk onluğa girməli idi. Bunu öz ifam olduğu üçün demirəm. Ümumiyyətlə, son illər biz “Avroviziya”da çox gözəl ifalar edirik: istər səhnə dekoru olsun, istərsə də performans olsun. Ancaq nədənsə, ilk onluğa girə bilmirik. Burada haqsızlıq olduğunu düşünürəm.

Çox şadam ki, böyük bir ədalətsizlik görməmişəm. Çünki bu hadisələrdən özümə dərs çıxarıram, həyatdan küsmürəm. Çünki küskün, kinli insanlar qabağa gedə bilmirlər. Bu həyat cəsarətli olmağı və riski sevir. Biz bəzən həyata çox ciddi baxırıq, ancaq bu, bir oyundur, pozitiv yanaşmaq lazımdır.

Dilşad Bəhruzqızı
Daha çox şəkil burada: Photostock.az

Bənzər yazılar

0.2077419757843