Sahil Babayev: “Dünyanın hər yerində gənclərin iş tapması daha çətindir”

 13-10-2023

“Gənclər arasında işsizlik daha yüksəkdir və bu, dünyada olan bütün ölkələr üçün xarakterikdir. Yəni gənclər arasında işsizlik hər zaman ölkə üzrə ümumi işsizlikdən artıq olacaq və bu, tam təbiidir”.

“Report.az”  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, dünyanın hər yerində gənclərin iş tapması daha çətindir:  “Bunun üçün proqramlar olmalıdırmı, bəli, olmalıdır və biz bir çox proqramlar, layihələr üzərində işləyirik”.

Sahil Babayev pensiya yaşına çatmadan ölənlərin kapitalı ilə bağlı məsələyə  açıqlamasında bildirib ki, pensiya sistemimizin üçdə bir hissəsi ailə başçısını itirməyə görə pensiyadır.

Nazir bildirib ki, məhz o da vəfat etmiş şəxslərin kapitalının, onların əmək qabiliyyətsiz ailə üzvlərinə yönəldilməsi ilə bağlıdır.

“Bu gün 200 minə yaxın Azərbaycan vətəndaşı məhz ailə başçısını itirməyə görə pensiya alır. Yəni o kapitalı heç bir yerə itmir. O kapital əmək qabiliyyətli şəxslərin pensiyasının ödənilməsinə gedir”, - deyə nazir əlavə edib.

Bundan başqa, Sahil Babayev pensiya yaşının azaldılması məsələsindən danışıb: "Azərbaycanda effektiv pensiya yaşı 62-dir və 65 yaş normativ yaşdır. Eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş çoxsaylı güzəştlər nəticəsində effektiv yaş 62-dir. Bu, dünyada ən aşağı yaşlardan biridir".

Nazir bildirib ki, ömür uzunluğu pariteti ilə götürsək, Azərbaycanda effektiv pensiyada olma müddəti 15 ildir:

"Bu da pensiyada olmanın ən yüksək rəqəmlərindən biridir. Əgər biz pensiya sistemini, sosial təminat sistemini dağıtmaq istəyiriksə, istənilən opportunist illər, rəqəmlər səsləndirilə bilər. Gəlin deyək 30 yaşından pensiya olacaq, lakin bunun altında nəzəri, elmi təhlil olmalıdır. Dünyada ən uzunmüddətli pensiya dövrlərindən biri Azərbaycandadır. Bu da 15 ildir. Xüsusi güzəştli təbəqə - hərbçilər, əlilliyi olan insanlarımız və digərləri üçün pensiya dövrü 18 ildir. Bu da dünyada ən uzunmüddətli pensiya dövrlərindən biri hesab olunur. Bu rəqəmlər 1 milyon 100 min sayda pensiyaçıya əsaslanır.

Ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata çatıb”. 

Nazirin sözlərinə görə, ümumilikdə ötən 20 ildə minimum pensiya 14 dəfə artaraq 280, orta aylıq pensiya 18 dəfə artaraq 435, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 366, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artaraq 408 manata çatıb. 

Sahib Babayev qeyd edib ki, pensiya üzrə ödənilən illik vəsaitlərin məbləği 30 dəfədən çox artaraq 5 milyard 907 milyon manata çatıb: “Təkcə son bir ildə pensiyalar üzrə ödənişlərə ayrılan illik vəsaitdə 1 milyard manata yaxın, son beş ildə isə 2,4 milyard manat (70 %) artım olub. Digər tərəfdən, 2003-cü ildə orta aylıq pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumundan 2 dəfə aşağı olduğu halda, hazırda bu məbləğ 435 manat olmaqla pensiyaçılar üçün yaşayış minimumunu (199 manat) 2,2 dəfə üstələyir”.

 

Bənzər yazılar

0.1221079826355