Abonentlər elektrik enerjisinin sərfiyyatına görə “Azərişıq” ASC tərəfindən onlara əlavə məbləğlərin borc olaraq yazıldığını iddia edirlər.
Belə şəxslərdən biri də jurnalist Ürfan Məmmədlidir.
O, özünün sosial şəbəkə hesabında elektrik enerjisinin sərfiyyatına görə ona gələn məbləğin normadan çox olduğunu bildirib.
““Azərişıq”da kimdirsə, birdən varlanmaq istəyir. Əks halda bunun adı talandır!
Qaynar xəttə zəng vurdum, növbə 20-dən yuxarı idi. Görünür, hamıda eyni şikayətdir.
Keçək mətləbə. Avqustundan 14-dən bəri “Azərişıq” ASC-nin yazdığı işıq borcu 150 manatı keçib. Üstəlik, nəzərə alaq ki, bu bir ayın bir həftəsini Bakıda olmamışıq. Havaların sərin olduğu günlərdə isə kondisioner işlətməmişik. Məbləğ çox deyilmi?” – jurnalist bildirib.
O qeyd edib ki, eyni hal qonşuluğunda yaşayan təqaüdçü xanımın da başına gəlib:
“Nə kondisioneri var, nə də kombisi. Saat 11 olmamış yatır. Ona da 130 AZN borc gəlib. Halbuki əvvəlki ay cəmi 17 AZN olub”.
Ü. Məmmədlinin yazdığı postun “şərhlər” bölməsində onlarla vətəndaş oxşar problemi yaşadığını bəyan edib.
Məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxlamaq mümkün olmayıb.