Ölkəmizdə bir uşağın universitetə hazırlaşması üçün repetitor xərcləri ildən-ilə artır. 9-cu sinifdən sonra bu xərclər xüsusi ilə çoxalmağa başlayır. Zaman-zaman valideynlər məktəblə yanaşı övladlarını fərdi qaydada müəllim yanına göndərərək hazırlaşdırmağa üstünlük verirlər. Bu da ölkədə repetitorluğa tələbatı və son nəticədə bu xidmətin qarşılığında alınan maddi məbləğin artmasına təsir edir.
BAKU.WS saytı kiçik bir araşdırma apararaq, ölkə üzrə repetitorluq qiymətlərinin necə dəyişməsini araşdırıb.
BAKU.WS müxbiri özünü hazırlığa gəlmək istəyən şəxs kimi təqdim edərək müəllimlərin hazırlıq qiymətlərini öyrənib. Araşdırmalarımız nəticəsində məlum olub ki, qiymətlər şəhər mərkəzi, Bakıətrafı ərazilər və rayonlara görə dəyişir. Belə ki, mərkəzdəki müəllimlər şəhər kənarında nisbətən daha baha qiymətə xidmət göstərirlər.
Rayonlarda hazırda 1 fənn üçün repetitor qiymətləri 40 manatdan, Bakıətrafı rayon və qəsəbələrdə isə bu qiymət 50-60 manatdan başlayır. Şəhər mərkəzinə gəldikdə isə qiymətlər daha bahadır. Repetitorun tədris etdiyi fənnin qiyməti 90-100 manatdan başlayır. Bu qiymət 300 manata qədər yüksəlir.
50 manatdan hesabladıqda bir şagird ali məktəbə qəbul olunmaq üçün 5 fəndən hazırlığa gedərsə, ay ərzində 250 manat xərc çəkməli olur. Abituriyentlərin əksəriyyətinin 9-cu sinifdən repetitor hazırlıqlarına getdiklərini nəzərə alsaq, bir şagirdin ali məktəbə qəbul oması valideynə 6-7 min manata başa gəlir.
Hər bir müəllimin uşaqları fərdi və ya qrup şəklində hazırladığını nəzərə alsaq bu da qiymətə təsirini göstərir.
Lakin məsələ bununla da bitmir. Repetitor qiymətləri qruplar üzrə də dəyişir. Məsələn 1 və 2-ci qrup üzrə Riyaziyyat fənninin tədris qiyməti 3-cü qrupla müqayisədə daha yüksəkdir. Eyni amil Fizika və Kimya fənlərinə də şamil olunur.
İndi isə ibtidai siniflər üçün repetitor qiymətlərinə nəzər salaq:
Bakıətrafı rayon, qəsəbələrdə bu qiymət 30-40 azn təşkil edir. Lakin mərkəzə tərəf gəldikdə, bu qiymət 50-120 manat arası dəyişir.
Təhsil eksperti Məzahir Məmmədli yeni dərs ilində repetitorların qiymət artımından danışarkən deyib ki, böyük ehtimalla repetitorların qiymət artımı bazarın tələblərinə uyğunlaşdırılır.
Ekspert məsələdən xəbərsiz olduğunu vurğulayıb: “Yeni qiymətlərlə tanış deyiləm. Repetitorluq bütün dünyada var. Amma Azərbaycanda alternativ təhsil deyilən bir sistem var. Bu gün ən bahalı müəllimlər bunker müəllimləri sayılır. Onlar həm də əlavə dərs vəsaiti çap edirlər. Hansı ki, onlar Elm və Təhsil Nazirliyinin təsdiq elədiyi dərs proqramlarından kənar vəsaitlərdir. Bu gün repetitorların qiyməti 50-60 manatdan başlayır. Artıq bazarda hər şeyin qiyməti qalxıb, onlar da bu artımı həmin qiymətə uyğunlaşdırmağa çalışırlar”.
Məzahir Məmmədli bütün bunların qarşısını almaq üçün ciddi islahatların aparılmasına ehtiyac olduğunu qeyd edib: “Həmin islahatların başında Dövlət İmtahan Mərkəzin ləğvi dayanmalıdır. Onlar həm testi hazırlasın, həm də imtahanı keçirsin, Azərbaycandan başqa bu heç yerdə yoxdu. Qruplar üzrə imtahanlar da təkcə Azərbaycanda keçirilir”.
P.S. Son olaraq onu qeyd edək ki, məbləğin yüksək olması hələ yüksək səviyyəli təhsilin mövcudluğu anlamına gəlmir. Biz dəfələrlə fərdi müəllim yanına getməyərək yüksək balla ali məktəbə qəbul olunan şagirdlərlə bağlı faktları görmüşük. Demək ətək-ətək pul verərək uşaqlarına bahalı müəllimlər tutmaq çıxış yolu deyil.