Vladimir Mesamed: “İran Azərbaycan üçün çox pis qonşudur”

 06-09-2023

“İran çox pis qonşudur. Azərbaycan isə sekulyar hakimiyyətə malik ölkədir və İranın “istək siyahısı”na zidd olaraq, məsələn, ABŞ ilə dialoq apara bilər”.

Bu sözləri tanınmış israilli şərqşünas, iranşünas, Yerusəlim Yəhudi Universitetinin əməkdaşı, doktor Vladimir Mesamed İranın qonşu ölkələrlə münasibətlərini Oxu.Az-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, Tehran bunu yolverilməz hesab etsə də, Bakının İranı deyil, öz maraqlarını qorumağa yönəlmiş siyasəti var.

“Ona görə də gərginlik qalacaq. Ən azından yaxın gələcəkdə ciddi normallaşma gözlənilmir”, - deyə şərqşünas vurğulayıb.

Yeri gəlmişkən qeyd edək ki, İran Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib. Bundan başqa, iranlı diplomatlar bildiriblər ki, Tehran Ermənistanla sərhədin bağlanmasına dözməyəcək... “Biz kommunikasiya yollarının açılmasının əleyhinə deyilik və Azərbaycana da belə marşrutlar təqdim edirik. Ancaq onların hamısı ərazisində yerləşdikləri ölkələrin nəzarəti altında olmalıdır, xüsusən də Ermənistan məsələsində”, - deyirlər. Amma, hətta İranla sərhəd Ermənistanın nəzarətində deyil, orada rusiyalı sərhədçilər yerləşdirilib.

Məsələyə münasibət bildirən ekspert qeyd edib ki, Ermənistan iranlılar arasında ümumilikdə müəyyən prioritetlərə malikdir.

“Tehran bu ölkəni xarici bazarlara çıxış dəhlizi kimi görür, baxmayaraq ki, onların başqa imkanları var - məsələn, Xəzər dənizi və Rusiya vasitəsilə. Ancaq Ermənistan İran üçün yenə də önəmlidir. Halbuki Azərbaycanda şiə məzhəbli müsəlmanlar, Ermənistanda isə monofizit xristianlar yaşayırlar”.

V.Mesamedin sözlərinə görə, onların münasibətlərinin böyük keçmişi var və heç nəyə baxmayaraq, hələ də qurulmağa davam edir.

“Rusiyanın Ermənistan sərhədlərini qorumasına gəldikdə isə, axı iranlılar dedikləri istənilən ifadəni başqa cür qələmə verə bilərlər. İranda “kənar adamlarla” münasibət qurmaq istəmədiklərini söyləməyi xoşlayırlar, Rusiya isə İran üçün yaddır, axı bura region ölkəsi deyil. Lakin onun üçün istisna edilir. Bundan başqa, Ukraynada müharibə başlayandan sonra Rusiya İran üçün ən yaxın tərəfdaş oldu. Tehran Moskvaya dronların tədarükçüsü kimi lazımdır. İranın köməyi ilə Rusiyada, Yelabuqada dron istehsalı zavodu tikilir, güman edilir ki, bu müəssisədə artıq PUA-ları yığmağa başlayıblar. İranın da Rusiya ilə iqtisadi əməkdaşlığa ehtiyacı var”, - deyə iranşünas əlavə edib.

Ekspert bununla belə vacib bir məsələni də vurğulayıb. O, İran cəmiyyətində anti-Rusiya əhvali-ruhiyyəsinin çox güclü olduğunu bildirib.

“Sadə iranlı Rusiyanı tərəfdaş deyil, İranla dəfələrlə döyüşmüş ölkə görür. Yadınıza salın, 1979-cu ildə İranda İslam inqilabı baş verən kimi 1921-ci il Sovet-İran dostluq müqaviləsinin müddəaları dərhal ləğv edildi”, - deyə V.Mesamed sözlərini yekunlaşdırıb.

Bənzər yazılar

0.10548686981201