Mövlud Çavuşoğlu: “Ermənistan Azərbaycanın təklif etdiyi sülh şərtlərinə müsbət cavab verməlidir”

 13-03-2022

Türkiyədə təşkil edilmiş Antalya Diplomatiya Forumu başa çatıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Forumun bağlanış mərasimində çıxış edib.

O, Ermənistanla ölkəsi arasındakı normallaşma prosesinə toxunaraq, burada Azərbaycan –Ermənistan münasibətlərinin də mühür rol oynadığını dilə gətirib: “Ermənistan və Azərbaycan arasında atılan hər addımı dəstəkləyirik. Biz Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana bildirdik ki, Ermənistan Azərbaycanın təklif etdiyi sülh şərtlətinə müsbət cavab verməlidir. Belə ki, bu, hər birimiz üçün faydalı olacaq”, - deyə Mövlud Çavuşoğlu bəyan edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatik Forumunun bağlanış mərasimində ölkəsinin Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyinə dair açıqlama verib.

O, Türkiyənin mövqeyinin əvvəlcədən də prinsipial və aydın olduğunu, ölkəsinin Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacağını bəyan edib.

Mövlud Çavuşoğlu Antalyada keçirilən Rusiya-Türkiyə-Ukrayna zirvəsini ölkəsinə göstərilən etimadın göstəricisi adlandırıb: “Biz ilk andan diplomatiyaya üstünlük verən bir davranış nümayiş etdirmişik. Hazırda liderləri bir araya gətirmək üçün səy göstəririk”, - deyə XİN rəhbəri qeyd edib.

Türkiyəli nazir Ukraynanın Mariupol şəhərindəki Sultan Süleyman Qanuni məscidində qalan Türkiyə vətəndaşlarının təxliyəsi üçün işlərin davam etdiyini açıqlayıb: “Məscidə bomba atıldığı xəbəri doğru deyil. Məscidə heç bir ziyan dəyməyib. Məscidə sığınan Türkiyə vətəndaşları ilə əlaqə saxlayırıq. Lavrovdan təxliyyə üçün dəstək istədik” – deyə Mövlud Çavuşoğlu vurğulayıb.

Bundan başqa, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiya lideri Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ilə telefon danışığı zamanı ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşə qarşı olmadığını deyib.

“Prinsipcə, Putin prezidentimizlə telefon danışıqları zamanı belə bir görüşə qarşı olmadığını deyib. Ukrayna tərəfi də hazırdır. Belarusda tərəflər arasında texniki danışıqlar gedir. Digər tərəfdən, başqa kanallar vasitəsilə də səylər göstərilir ki, biz də bunu dəstəkləyirik”, - Mövlud Çavuşoğlu Antalya Diplomatik Forumunun bağlanış mərasimində vurğulayıb.

Qeyd edək ki, XİN rəhbərinin xatırlatdığı Rusiya və Türkiyə liderləri arasındakı telefon danışığı martın 6-da baş tutub.

Mənbə: TRT

Bənzər yazılar

0.50814986228943