Xarici ölkələrdəki tələbələrə güzəştlər Azərbaycanda da varmı?

 22-08-2023

Son illər Azərbaycanda ali məktəblərdə təhsil alan tələbə sayında ardıcıl artım qeydə alınır. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı sonuncu rəqəmlərə görə, ötən il ölkədəki ali təhsil ocaqlarında 212 min tələbə oxuyub. Cəmi beş il öncə bu say 164 min nəfər idi. 10 il öncə isə Azərbaycanda 143 min tələbə təhsil alırdı.

Başqa deyimlə, son ildə Azərbaycanda tələbələrin sayı 48 min, son 10 ildə isə 69 min nəfər artıb. Plan yerlərinin artırılması bunun əsas səbəbidir. Hökumət bir çox strateji inkişaf sənədində ölkədə ali təhsil alanların sayını artırmağı hədəf kimi müəyyənləşdirib. Ancaq təəssüf ki, tələbə sayının artması şagirdlərin hazırlıq səviyyəsinin artması hesabına deyil, daha çox keçid ballarının aşağı salınması hesabına gerçəkləşdirilir.

DSK-nın rəqəmlərinə görə, Azərbaycandakı tələbələrin 173 min 474-ü əyani təhsil alır. Bu o deməkdir ki, ölkədəki tələbələrin təxminən 82 faizi əyani, 18 faizi qiyabi təhsil alanlardır. Onların 87 min 575 nəfəri təqaüd alır. Bu baxımdan aydın olur ki, Azərbaycandakı bütün tələbələrin 42 faizinin, əyani təhsil alanlarınsa 51 faizə yaxınının təqaüdü var. Hər iki tələbədən biri də dövlətdən ödəniş əldə etmir.

Bu ilin yanvarından bəri Azərbaycanda bakalavr təhsili alan tələbələrin maksimum təqaüd məbləği 175 manatdır. Akademik göstəriciləri 91-100 bal arası olan tələbələr bu qədər təqaüd ala bilər. Akademik göstəriciləri 71-dən çox olan tələbələrə 145 manat, 51-dən yüksək olanlara isə 100 manat təqaüd ödənilir. Bu il Azərbaycanda yaşayış minimumu 246 manatdırsa, deməli, hazırda ən yüksək tələbə təqaüdü belə yaşayış minimumundan 30 faiz azdır. Bu baxımdan, tələbələrin yalnız təqaüd hesabına minimum ehtiyaclarını ödəməsi imkansızdır.

Azərbaycanda kuryerlər arasında keçirilən sorğu respondentlərin 34 faizinin – təxminən üçdə birinin tələbə olduğunu üzə çıxarıb. Maliyyə azlığı tələbələri işləməyə məcbur qoyur. Bahalaşmanın ən çox təsir göstərdiyi sosial kəsimlərdən biri tələbələrdir. Bütün bunlar tələbələrin sosial durumu ilə bağlı hökumətin siyasətini gözdən keçirməsini şərtləndirir. Onu da nəzərə almaq lazımdır ki, hazırda ölkədəki tələbələrin 60 faizə yaxını ödənişli əsaslarla təhsil alır. Bu isə həm tələbələrin, həm də onların ailələrinin sosial durumunu bir qədər də ağırlaşdırır.\

Dünyanın bir çox ölkəsində tələbələrə bəlli güzəştlər verilir. Bu addımlarla hökumətlər tələbələrin xərclərini azaltmağa, sosial durumunu yaxşılaşdırmağa çalışır. Belə güzəştlər arasında ən çox tətbiq edilənlərdən biri ictimai nəqliyyatla bağlıdır. Bir çox ölkədə tələbələr ictimai nəqliyyata digərləri ilə müqayisədə daha az pul ödəyir.

Məsələn, qonşu Gürcüstanın paytaxtı Tbilisidə ictimai nəqliyyatda gedişhaqqı 1 lari (66 qəpik) olsa da, tələbələr nəqliyyata bundan beş dəfə az - 20 tetri (təxminən 13 qəpik) ödəniş edir. 

Eyni sistem digər qonşu ölkə Türkiyədə də tətbiq edilir. İstanbulda tələbələrin ictimai nəqliyyata ödədiyi vəsait (7.32 lira) digər vətəndaşlarla müqayisədə (15 lirə) iki dəfə aşağıdır.

Eyni zamanda, tələbələrin aylıq 212 lirə - təxminən 13 manat ödəyərək aylıq kart əldə etmək imkanı da var. Deməli, ayboyu gündə iki dəfə ictimai nəqliyyatdan yararlanan tələbə ictimai nəqliyyata İstanbulda 13 manat ödədiyi halda, Azərbaycanda bu rəqəm, ən azı, 24 manat olacaq. Başqa sözlə, hökumət tələbələrin xərclərini azaltmaq baxımından ictimai nəqliyyatda onlara əlavə güzəştlər tətbiq edə bilər.

İctimai nəqliyyatla yanaşı, bir çox ölkədə tələbələrə digər güzəştlər də var. Məsələn, bugünlərdə Türkiyə prezidenti tələbələrin telefon və bilgisayar alarkən vergidən azad ediləcəyi ilə bağlı açıqlama verib. Açıqlamada bildirilir ki, tələbə adını qazanan şəxslər telefon və bilgisayar alarkən vergilərdən azad olacaq, bu qərar tələbələrə telefon və bilgisayarı, az qala, yarı qiymətinə almağa imkan yaradacaq. Tələbələr bu şansdan yalnız bir dəfə yararlana biləcəklər.

Azərbaycandakı tələbələrin xərclərində əsas yerlərdən birini də kirayə xərcləri tutur. Özəlliklə ölkənin digər bölgələrindən Bakıya təhsil almağa gələn tələbələr kirayə mənzil bazarında tələbi formalaşdıran əsas kəsim sayılır. Son illər daşınmaz əmlak qiymətlərinin artması tələbələrin kirayə üçün ödədiyi vəsaiti də yüksəldir.

Azərbaycanda universitetlərin təklif etdiyi yataqxana xidmətlərinin tələbi qarşılamaması bu problemin əsas səbəblərindən biridir. Hökumət uzun illərdir ölkədə tələbə yataqxanalarının sayının artırılacağı ilə bağlı vədlər versə də, bu yöndə hansısa ciddi dəyişikliklər görünmür. Bu baxımdan, Azərbaycanda tələbə yataqxanalarının say və tutumunun artırılmasına vəsait ayrılması və bu yerlərdə tələbələrə əlverişli şərtlərlə xidmət göstərilməsi də tələbələrin sosial durumunun yaxşılaşmasına xidmət edə bilər.

Tələbələrin gəlişməsi baxımından onların sosial həyata qatılması da vacib sayılır. Bir çox ölkədə bu istiqamətdə də addımlar atılır. Almaniyada bu ilin iyunundan başlayaraq 18 yaşını tamamlayan hər kəsə 200 avroluq "mədəniyyət kartı" veriləcək. Gənclər kartdakı vəsait hesabına ölkə ərazisindəki muzeylərə, teatrlara, konsert salonlarına, kinoteatrlara və digər mədəniyyət obyektlərinə pulsuz gedə biləcək. Həmin vəsait hesabına kitab və musiqi aləti satın almaq da mümkün olacaq.

Mənbə Azadlıq radiosu

Bənzər yazılar

2.3567018508911