“Təhsilim və peşəkar həyatım boyunca çox önəmli elm adamları ilə tanışıb söhbət etmək şansı əldə etmişəm. Lakin, bu yaxınlarda uşaqlıqdan bəri adını həmişə eşitdiyim, həsəd apardığım professor, Lütfi Zadə elmi irsi və qeyri-səlis məntiq nəzəriyyəsinin əvəzolunmazı Rafiq Əliyevlə tanışmaq məndə həyatım boyunca unuda bilməyəcəyim iz qoydu”.
Bunu Moderator.az-a açıqlamasında “Profity Academy”nin rəhbəri Vüsal Sultanlı deyib.
Bildirilib ki, V. Sultanlının təşəbbüsü ilə professor Rafiq Əliyevin adına təqaüd təsis ediləcək. Bu təşəbbüslə əlaqədar alimlə görüşən V.Sultanlı öz təəssüratlarını bu cür bölüşüb:
“Rafiq Əliyevlə onun adına təsis edəcəyimiz təqaüd proqramının icazəsini almaq üçün görüşürdüm. Otağına girmədən öncə assistenti və tələbəsi Nigar xanımla tanışmaq belə artıq mənə 5 dəqiqə sonra necə böyük bir şəxsiyyətin qarşısına çıxacağım barəsində müəyyən miqdarda hisslər ötürə bilmişdi.
Otağına girər-girməz hər tərəfin qalaq-qalaq kağızlar və kitablardan ibarət olması artıq bir alimin bir gəncə ötürə biləcəyi böyük bir mirasın incə göstəricisi idi. Hər tərəfdən qeyri-səlis məntiq axırdı sanki. Təxmini 35 dəqiqə çəkən görüşümüzdə Rafiq müəllim mənə Lütfi Zadə, Əhməd Ağaoğlu, Ramiz Rövşən, Hüseyn Cavid və s. bir neçə dahi şəxs haqqında heç vaxt eşitmədiyim məlumatlar qazandırmışdı artıq.
İlk özünümühakiməm isə o oldu ki, görəsən biz, nə qədər böyük bir dahiyə sahib olduğumuzun yetərincə fərqindəyikmi?
Ümid edirəm, Lütfi Zadə və Rafiq Əliyevin ən böyük parçası olduğu “artificialintelligence” və “softcomputing” elmi irsinə gənclərə təhsili əlçatan etmək yolunda təsis edəcəyimiz elm və texnologiya təqaüdü ilə az da olsa dəstək ola bilərik”.
R.Əliyev də bu təşəbbüsü müsbət qarşılayıb və təşkilatçılara təşəkkürünü bildirib.