Avqustun 9-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb. Məlumata görə, müsabiqənin müsahibə mərhələsinə ümumilikdə 5660 namizəd dəvət olunub. Müsahibələrin avqustun 18-dək davam etməsi nəzərdə tutulub.
Müsahibə zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanacaq. Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək imkanı qazanacaqlar.
Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.