Azərbaycan Ordusuna qarşı 2017-ci ildə törədilən qandonduran, işgəncələrlə dolu “Tərtər işi” üzrə yeni gəlişmələr var. Məlum olayla bağlı cinayət işi təzələndikdən, yenidən araşdırmalar başlandıqdan sonra gözləntilər vardı ki, bu işi planlayanlar da olmasa, Azərbaycanda həyata keçirənlər, nəhayət ki, cəzaya çatdırılacaqlar.
Mətbuatda “Tərtər işi” və “Beyləqan işi” adlandırılan işlər üzrə məhkəmələrdə üzə çıxan faktlar, general Bəkir Orucovun səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, proses gözləntilərin əksinə gedir. 2017-ci ildə Azərbaycan Ordusuna qarşı planlı şəkildə gerçəkləşdirilən, işgəncələrlə, qətllərlə müşayiət olunan proses hazırda məhkəmə müstəvisinə daşınıb. Orduda xalqa, dövlətə sədaqət göstərənləri işgəncələrdə birbaşa rolu olanlarla bir araya gətirib müttəhimlər kürsüsünə çıxarıblar.
İlk gündən həqiqətin gizlədilməsi, orduya qarşı cinayətlərin ört-basdır edilməsinə səy göstərənlər, buna nail olmadıqda belə bir taktikaya əl atıblar. 2-ci Ordu Korpusunda Qərargah rəisi olan general Bəkir Orucov məhkəməsində bu xain planı tam çılpaqlığı ilə ortaya qoydu. İfadəsində dedi ki, 2017-ci ildə məlum hadisələr baş verməzdən əvvəl onun rəhbərlik etdiyi korpusun şəxsi heyəti - özəlliklə snayper qrupu 1 il ərzində 163 düşməni məhv edib, ay ərzində 20 dəfədən çox düşmənin arxasına sızan kəşfiyyatçılarımız orada xüsusi əməliyyatlar keçiriblər.
Nəticədə düşmən səngərlərində xof və qorxu hissi hakim olub, psixoloji baxımdan ordumuzun üstünlüyü təmin edilib. 2017-ci ilin mayında məlum hadisələr baş verəndən sonra düşmən arxasına kəşfiyyatçılarımızın keçidləri sıfıra enib. Erməniyə güllə atanların, düşməni xof içində saxlayanların acı taleyi bu ab-havanın bərqərar olmasına səbəb olub. Hər kəs düşünüb ki, belə bir keçiddən sonra geri qayıtdıqda, düşmənə işləmək damğası ilə həbsə alınıb şikəst edilmək, öldürülmək kimi aqibətlə üz-üzə qala bilər.
Bəkir Orucov çox maraqlı bir detala da toxunmaqla “hamının Nəcməddin Sadıkovla münasibəti vardı, çünki Müdafiə Nazirliyində onun sözü keçirdi. Mənimsə onunla telefon danışığım belə olmayıb” dedi. Eyni zamanda məhkəmədə məlum oldu ki, 1-ci və 2-ci Ordu korpuslarında hərbçilərimizə qarşı gerçəkləşdirilən xain plana birbaşa olaraq o zaman Baş Qərargah rəisi olan Nəcməddin Sadıkov rəhbərlik edib. O, hər gün 1-ci və 2-ci Ordu korpuslarının rəhbərliyi ilə videokonfrans keçirməklə “düşmən axtarışlarının” şiddətləndirilməsini sərt şəkildə tələb edib. Bu tələblər 1-ci Ordu Korpusunda günahı Azərbaycana sədaqətlə xidməti olan 11 hərbçimizin, 2-ci Ordu Korpusunda isə 1 hərbçimizin öz hərbçilərimiz tərəfindən döyülüb öldürülməsi, yüzlərlə hərbçimizin isə şikəst edilərək ordu sıralarından tərxis olunmasına gətirib çıxarıb. O zaman sıradan çıxarılması öz iradələrindən kənar olan zabitlərə qarşı indi məhkəmə müstəvisində təqib davam etdirilir.
Tanınmış hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, “Tərtər işi” üzrə ölkə başçısının fərmanı ilə yaradılan istintaq qrupu qarşısında qoyduğu məqsədlərə çata bilməyib və bu səbəbdən ləğv olunmalı, yeni istintaq qrupu yaradılmalıdır: “Tərtərdə ordumuza qarşı planlı şəkildə cinayət törədənlər, onlara dəstək vermiş hakimlər, prokurorlar, Tərtər məhkəməsinin sədri İlqar Quliyev, Tərtər hərbi prokuroru Binnət Məmmədov bu gün Hərbi Prokurorluqda İdarə rəisidirsə, vəzifədədirlərsə, hansı obyektivlikdən, ədalətli məhkəmə araşdırmasından söhbət gedə bilər? Bu hadisələr zamanı Tərtərdə olan hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfahət İmranov vəzifədədirlərsə, general Bəkir Orucov bundan sonra 5 il də məhkəmədə faktları açıb ortaya qoysa belə, kimsə onu eşitməyəcək. ”Tərtər işi" yenidən araşdırılmalı, araşdırma aparan istintaq komissiyası o zaman vəzifədə olub bu işlərə aidiyyəti olan hər bir vəzifəli, müvəqqəti də olsa, tutduğu postdan uzaqlaşdırılmalıdır. Əks halda ordumuza qarşı gerşəkləşdirilmiş xain planının üstü tam şəkildə açılmayacaq və bu planı gerçəkləşdirənlər də cəzasız qalıb ordumuzun döyüş qabiliyyətini aşağı salmaqda davam edəcəklər.
Bu işlə bağlı 4 generalın - Hilal Nəcəfovun, Ramin Əsgərovun, Rasim Əliyevin və Bəkir Orucovun açıqlamaları var. Bu adamlar MAXE və ya gizir deyil, generallardır, orduda kifayət qədər ciddi vəzifələr tutmuş şəxslərdir. Nəcməddin Sadıkov Azərbaycan Ordusunda 2-ci şəxs olub. Məhkəmədə dəfələrlə adı çəkilirsə, çağırıb dindirməlidirlər. Korpus komandirinin adı çəkilirsə, dindirilməlidir. Bu gün Ali Məhkəmədə müdir postunu tutan, “Tərtər hadisələri” zamanı Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi olmuş Rauf Kişiyev dindirilməlidir. Ali Məhkəmənin hakimi Əziz Seyidovun oğlu, SAT komandiri Cəfər Seyidov işgəncələri həyata keçirən xüsusi təyinatlılara rəhbərlik edib. Onu da çağırıb dindirməlidirlər".
Üzeyir Cəfərova görə, “Tərtər işi” ordu rəhbərliyində ayrı-ayrı vəzifəli şəxsləri üz-üzə qoyub: “Korpus komandiri Mais Bərxudarovun Bəkir Orucov haqda açıqlamasını oxudum. Bu açıqlama məni üzdü. Deyir ki, Bəkir Orucov nahaq danışıb. Əgər Bəkir Orucov yalan deyirsə, deməlidir ki, yalan deyir, haqqı deyirsə, deməlidir ki, haqqı deyir. Bunun əvəzində dünənə kimi onunla öpüşüb-görüşən korpus komandiri ”nahaq danışır" deyir. Aydın məsələdir ki, Mais Bərxudarov da, Bəkir Orucov da əmrə tabe olan şəxslər olub. Verilən əmrləri yerinə yetiriblər. Bəs necə olur ki, korpus komandirinə rütbə verilir, həbsə göndərilir? Bəkir Orucov açıq-aşkar məhkəmədə dedi ki, Mais Bərxudarovu “sorğulamaq, dindirmək bizim işimiz deyil, bu işlərlə prokurorluq orqanı məşğul olmalıdır” deyib. Tələb edib ki, bu işləri prokurorluq araşdırsın. Əvəzində Mais Bərxudarovun da cavabı belə olub ki, “Nazir dedi ki, nədən qorxursan, Hikmət kimi işləyin, hamısını ifşa edin”.
Üzeyir Cəfərov deyib ki, “Tərtər işi” yenidən araşdırılmalı, Azərbaycan Ordusuna qarşı planlı şəkildə törədilən cinayətlər tam şəkildə, obyektiv araşdırılmalıdır.
Hərbi ekspert Telman Əbilov “Yeni Müsavat”a deyib ki, “Tərtər işi”nin təşkilatçısı və başında duranı keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkov, icraçısı isə birbaşa onun bacısı oğlu general-mayor Ramil Əsgərov olub: “Buna görə də Nəcməddin Sadıkov başda olmaqla, onun bacısı oğlu, ”Tərtər işi"nə aidiyyəti olan hər kəs həbs olunmalıdır. Nəcməddin Sadıkov Azərbaycan Ordusunun rəhbərliyində uzun illər oturub və ordumuza qarşı düşmənçilik edib. Bu adam düşməndir, xaindir, o, həbs olunmalıdır. “Tərtər işi”nin bir məqsədi olub - Azərbaycan Ordusunun döyüş qabiliyyətini aşağı salmaq, mübarizə əzmini məhv etmək! İşgəncələrə cəlb olunan hərbçilərimiz ölümü seçiblər, amma təslim olmayıblar. Əgər onlar təslim olsaydılar, onların diktəsi ilə hərəkət etsəydilər, bəlkə də 44 günlük müharibənin nəticəsi başqa cür olardı".
Hərbi ekspertin fikrincə, “Tərtər işi” ilə bağlı Baş Prokurorluğun həbs etdiyi Müdafiə Nazirliyinin generalı Bəkir Orucov Azərbaycan Ordusuna qarşı düzənlənmiş cinayətlərin qarşısını almaq gücündə olmayıb: “Bu iş üzrə istintaqı aparan müstəntiqlər, ittiham aktını təsdiqləmiş prokuror, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevdən tutmuş bu işlər üzrə hökm çıxarmış hakimlər, Ali Məhkəməyə qədər işə baxmış hər bir hakim məsuliyyət daşıyır. Hər biri də istintaqa cəlb edilməklə məhkum olunmalıdırlar. Çünki onlar qanunları əsas götürmək əvəzinə, sifariş yerinə yetiriblər. Nəticədə Azərbaycan üçün canı, qanı ilə döyüşmüş hərbçilərimizi qanunsuz olaraq, ədalətsiz olaraq, heç bir dəlil-sübut olmadan, sırf sifarişlə ən ağır cəzaya çatdırılmasında birbaşa iştirak ediblər. Həmin müstəntiqləri, prokurorları, hakimləri təcili şəkildə vəzifələrindən azad edib istintaqa cəlb etmək vacibdir. Qoy desinlər ki, onlara sifarişləri, qanunsuz göstərişləri kimlər verib. Bu işin başında dayananlar hər biri ifşa olunmalıdır. Azərbaycan xalqı ona qənim kəsilən cəlladları tanımalıdır. İlqar Quliyevin 2016-cı ildə Tərtər məhkəməsinə sədr gətirilməsi də araşdırılmalıdır. Baş verənlər onu deməyə əsas verir ki, Tərtərdə baş verən cinayətlərin gerçəkləşməsi üçün əvvəldən hazırlıq görülüb. Çünki İlqar Quliyev vaxtilə Beyləqanda hərbi məhkəmənin hakimi idi. Sonradan isə mülki məhkəməyə keçirilmişdi.
Tərtər hadisələrindən əvvəl İlqar Quliyev hərbi məhkəmə sisteminə qaytarılıb və Tərtər Hərbi Məhkəməsinin sədri postuna təyin olunub. Bu, təsadüf olub? Bu suala da aydınlıq gətirilməli, araşdırılmalıdır. Bu gün Bəkir Orucovun həbsi Tərtər cinayətlərinin başında dayanan əsas fiqurları cəzadan yayındırmaq məqsədinə xidmət edir. Bəkir Orucov düz deyir - onu, sırf “Tərtər işi”ndə general tutmuşuq" deməyə görə həbs ediblər. Ali Baş Komandana yanlış məruzələr edib əsl cinayətkarları cəzadan yayındırmağı bacarıblar. Hikmət Həsənovun komandiri olduğu korpusda birbaşa onun başçılığı altında 11 hərbçimizi döyüb öldürüblər. Bəkir Orucovun Qərargah rəisi olduğu Beyləqan korpusunda 1 nəfər hərbçi öldürülüb. Bəs necə olur, Bəkir Orucovun ölümə birbaşa aidiyyəti olmadığı halda həbs edirlər, Hikmət Həsənovu isə azadlıqda saxlayırlar?"
Telman Əbilov deyib ki, 2016-c ildə Şanlı Aprel döyüşlərindən sonra Azərbaycan Ordusundakı böyük ruh yüksəkliyi xarici və daxili düşmənləri qorxuya salıb və ordumuza qarşı içimizdəki ermənixislətli xainlərin əli ilə murdar plan gerçəkləşdirlib: “Bu planı hazırlayanlar Aprel döyüşlərindən qorxuya düşmüşdülər. Anlamışdılar ki, gələcəkdə erməni ordusu Azərbaycan Ordusu qarşısında duruş gətirməyəcək. Hətta rus ordusunun da Azərbaycan Ordusu qarşısında çətinliklə üzləşəcəyini anladılar və ”5-ci kolon" adlanan qüvvə bizim dövlətimizin müdafiə qüdrətinin sarsıdılması üçün hərəkətə keçdi. Azərbaycan Ordusuna qarşı bir təxribat törədildi, Beyləqan korpusunda, Tərtər korpusunda qanlı cinayətlər törətdilər.
Bu cinayətlərlə hərbçilərimizin döyüş ruhunu sındırmaq istəmişdilər. Şükür Allaha, buna nail ola bilmədilər. Azərbaycan Ordusuna qarşı xain planda yer alan hər kəs törətdiyi əməllərə görə cavab verməlidir. Bu gün keçirilən məhkəmələr ala-yarımçıq, daha çox cinayətlərin ört-basdır edilməsinə xidmət edir. Yeni istintaq komissiyası yaratmaqla bu cinayətlərin tam araşdırılmasına nail olmaq vacibdir. Əks halda ordumuza qarşı xain plan təkrarlana bilər. Çünki “Tərtər işi”ni törədənlərin bir çoxu orduda rəhbər vəzifələrdə qalmaqdadırlar".