Rayon İcra Hakimiyətləri qazi və şəhid ailələri ilə işin təşkili şöbələri icra özbaşınalığını qoruyur?
Zəfərlə başa çatan 44 günlük Qarabağ savaşının ikinci ildönümünə bir neçə ay qalır . Qazi və şəhid ailələrinin problemləri ilə məşğul olmaq üçün icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin yaradılması və bu şöbələrə rəhbərliyi qazilərin etməsi problemlərin çözülməsinə inamı artırır(dı). Di gəl, necə deyərlər, sən saydığını say, gör icra hakimiyyəti başçıları qazi və şəhid ailələrinə sayğısızlıqlarını necə sürdürürlər? !
Bakı şəhəri, Nizami rayonu, Babək prospekti -73 saylı binadakı birotaqlı darısqal otaqdan Vətən savaşına könüllü yollanan, bu yolçuluqda ŞƏHİD ZİRVƏSİNƏ YÜKSƏLƏN Oqtay Baxşəli oğlu Ağabəyovun xatirəsini Vətən də vətəndaş da uca tutur. Sakinlər məhəllədəki Bəhruz Nuriyev -8 saylı binanın arxasındakı baxımsız sahənin abadlaşdırılaraq şəhidin adına parka çevrilməsi üçün dövlətin və hökumətin, güc strukturlarının başçılarına müraciət ediblər.
İDEA -Ətraf mühitin mühafizəsi İctimai Birliyinin sədri, Heydər Əliyev fondunun vitse-prezidenti, xanım Leyla Əliyevanın diqqətini də problemə cəlb edən şəhidin qohum – qonşuları bir ildən çoxdur gözləməkdədirlər. Bu günlərdə Nizami RİH -in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rüstəm Bayramovun kimə cavablandırdığı bilinməyən “cavab məktubu” Nizami RİH -in şəhidlərə sayğısızlığını ortaya qoyur .
Şöbə müdiri Dövlət Təhlükəsizliyi Xidmətinin məktubu ilə Nizami RİH-ə daxil olan ərizəyə “baxaraq” bir cümlə ilə nəzərə çatdırıb ki , şəhid adının əbədiləşdirilməsi “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanunun tələblərinə uyğun şəkildə həyata keçirilir.
Cavabın edilən müraciətə adekvat olmadığı bir yana, bəyəm rayon icra hakimiyyətinin qazi və şəhid ailələri ilə işin təşkili şöbəsinin işi savaş adamlarını yox , icra hakimiyyətini qorumaqdır? Rayon sakinləri bir ildən çoxdur baxımsız sahənin abadlaşdırılmasına, şəhidin adına məhəllədaxili parka çevrilməsinə ərizə verirlər, aldıqları cavaba baxın! Belə baxımsızlıqla, əlbəttə, rayon ərazisi bazar – qumar, alver obyektinə çevrilər. Şəhidin adına isə süni bir xatirə bulağı da tikməyə yer tapılmaz.
Onu da vurğulayaq ki, icra hakimiyyəti özü sakinlərə bildirmişdi ki, rayon ərazisində yer, küçə yoxdur, “tapılsa” , şəhidlərin adına verilə bilər. “Tapanda” isə bir ildən çoxdur susub, belə “cavab məktubu” ilə özbaşınalıq edilir. Deyəsən, yeni başçı sələfinin yerinə keçməsinin “park özbaşınalığı” ilə bağlı olduğunu unudub. Şəhidlərin unudulması isə təkcə başçı kürsüsündən məhrum etməklə sonuclanmır. ..
Məğrur Bədəlsoy