"Vergi güzəşti tətbiq olunmadığına görə ayda 56 manat itiririk" - VƏTƏN MÜHARİBƏSİ VETERANI

 06-06-2022

Bakı Gəmiqayırma Zavodunda çalışan Yediyarov Rəşad Vidadi oğlu Vətən müharibəsi veteranı olmasına baxmayaraq ona vergi güzəşti tətbiq olunmamasından şikayətçidir.

Bu barədə vətəndaş Yeniavaz.com-a müraciətində bildirib.

Rəşad Yediyarov Nazirlər Kabinetinin “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısının təsdiq edilməsi barədə” 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarının 1.7-ci maddəsindən əsas gətirərək deyib:

“Bu sənəddə göstərilib ki, müharibə iştirakçılarına 3 halda, bu sənədləri verəndən sonra vergi güzəşti şamil olunur:

1. Müharibə veteranı vəsiqəsi;
2. Hərbi komissarlıqdan müharibə veteranı barədə arayış;
3. Müdafiə Nazirliyindən müharibə veteranı barədə arayış.

Bu sənədlərin heç biri bizə verilmir. Ona görə də bizə vergi güzəşti şamil olunmur. Vergi Xidmətinə çalışdığım qurumun mühasibatlıq şöbəsindən zəng vurub deyirlər ki, bizim artıq statusumuz var, DOST Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sənəd almışıq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətən müharibəsində iştirakları barədə arayış verib. Vergi Xidməti isə əlində əsas kimi onu tutub ki, NK-nin qərarında bu sənədlər nəzərdə tutulmayıb”.

Müharibə veteranı məsələ ilə bağlı Müdafiə Nazirliyinə (MN) də müraciət etdiyini bildirib:

“MN-dən cavab gəlib ki, DOST-dan alınan arayış məqbuldur, bu sənədi verə bilərik. Bildirilib ki, gecikmələr var deyə vəsiqəni çatdıra bilmirlər. Vəsiqə veriləndə surətini iş yerimə verməli olduğumu deyiblər. İşlədiyim müəssisə də Vergi Xidməti ilə əlaqə saxlayır, onlar yenə də eyni sənədləri əsas gətirirlər. Vergi güzəşti tətbiq olunmadığına görə biz ayda 56 manat itiririk”.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən saytımıza bildirildi ki, iddialar araşdırılıb, məlumat veriləcək.

Bənzər yazılar

0.20669913291931