Nazir müavini Rasim İsmayılov: “Azərbaycanda dərman vasitələri müəyyən ölkələrlə müqayisədə bahadır”

 20-06-2023

“Azərbaycanda qiymətlər müəyyən ölkələrə baxdıqda bahadır. Lakin siyahı elə də çox deyil. Türkiyə ilə qiymətləri müqayisə etsək, orada 70-80 faizdən çox daxili istehsaldır”. 

Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib.

“Bu gün Türkiyədə 1 avro 24-26 lirə olursa, dərman qiymətlərinin tənzimlənməsində 1 avro 11 TL götürülür. Yəni qiymətlərin 50 faizdən çoxu dövlət dotasiyası ilə tənzimlənir. İki gün öncə idxalçılarla görüşümüz olub. Onların kifayət qədər ciddi fikirləri var. Əsas gətirirlər ki, bu gün ölkədə qiymətlərin uyğun olmamasının əsas səbəbi istinad ölkələrinin siyahısında Türkiyənin götürülməsidir.

Bu baxımdan istinad ölkələrinə yenidən baxılması nəzərdə tutulub. Ümumiyyətlə, Tarif Şurası tərəfindən qiymətlərin tənzimlənməməsi müzakirə mövzusu deyil. Əgər istehsalçılar bilsələr ki, qiymətlər Tarif Şurası tərəfindən təsdiqlənmir, o zaman bugünkü qiymətlərdən daha baha qiymətlər təklif edə bilərlər. Buna görə Tarif Şurasının mövcudluğu zəruridir.

Bu gün Azərbaycanda dərman vasitələri müəyyən ölkələrlə müqayisədə bahadır”, - deyə nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, həmin ölkələrin sayı elə də çox deyil: “Adətən, qiymət fərqləri qardaş Türkiyə ilə müqayisə edilir. Halbuki orada dərmanların 70-80%-i daxili istehsaldır. Türkiyədə qiymətlərin tənzimlənməsi üçün fərqli yanaşma var.

Tarif Şurası, Səhiyyə və İqtisadiyyat nazirlikləri qiymət siyasətinin müəyyənləşdirilməsi istiqamətində ciddi müzakirələr aparırlar. Hazırda müəyyən təkliflərimiz var. Bu da mövcud mexanizmlərdən tamamilə fərqlənir. Biz təklif etdiyimiz qiymətlərin müəyyənləşdirilməsi mexanizminin qəbul olunmasına çalışacağıq. Eyni zamanda istinad ölkələrin siyahısına yenidən baxılması nəzərdə tutulur və təbii ki, real bazar qiymətləri də əks olunacaq”.

Bundan başqa, Azərbaycanda həkimlərin kommersiya məqsədli dərmanları reseptə yazması qadağan olunacaq.

Onun sözlərinə görə, bu gün mövcud qanunvericiliyə əsasən antibiotik reseptlə verilsə də, lakin bu tələbə riayət edilmir: “Hesab edirəm ki, elektron reseptlə bir çox nöqsanlar aradan qalxacaq. Qeydiyyatsız heç bir dərman vasitəsinə resept yazılmayacaq. Hətta həkim istəsə belə kommersiya məqsədli dərmanları reseptə yaza bilməyəcək. Eyni zamanda dərman vasitələri ilə bağlı qiymət fərqi kəskin olan siyahıda qida əlavələri üstünlük təşkil etmir. Sadəcə, həmin əlavələr dərman siyahısında verilir”.

Bənzər yazılar

0.36133909225464