Prezident italiyalı həmkarını TƏBRİK EDİB

 02-06-2022

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

İtaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Biz Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və onlara böyük əhəmiyyət veririk. İkitərəfli əlaqələrimizin gündən-günə inkişafı, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımızın möhkəmlənməsi xüsusi məmnunluq doğurur.

İqtisadiyyat, ticarət və enerji sahələrindəki uğurlu işbirliyimiz və əldə etdiyimiz nailiyyətlər bizi sevindirir. İtaliya şirkətləri Azərbaycanda geniş fəaliyyət göstərir və münasibətlərimizdə vacib rol oynayır. Hazırda bu əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması işlərində də müvəffəqiyyətlə davam edir.

Azərbaycan dost İtaliya ilə çoxşaxəli tərəfdaşlığı xalqlarımızın rifahı naminə daha da genişləndirmək əzmindədir. Bu gün qarşılıqlı faydalı fəaliyyətimizin inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var. Şübhəsiz, iqtisadiyyat, enerji və digər sahələrdəki mövcud potensialdan, xüsusilə qeyri-neft sektorundakı imkanlardan tam istifadə etməklə əməkdaşlığımızı yeni məzmunla zənginləşdirə bilərik.

İnanıram ki, sağlam təməl üzərində qurulmuş ənənəvi dostluq əlaqələrimiz istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar, dost İtaliya xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram”.

Bənzər yazılar

0.21477794647217