"Binəqədinin polis rəisi Avtovağzalda sürücülərdən pul yığdırır" - DİN-dən iddialara Reaksiya + Video

 03-06-2023

Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddialar səsləndirən şəxsin görüntüləri yayılıb.

"Qafqazinfo" xəbər verir ki, Asim Kərimov adlı şəxsin iddiasına görə, Binəqədi Rayon Polis İdarəsinə yeni təyin olunan rəis İlqar Məmmədov onu məzuniyyətdən geri çağıraraq xidmətdən xaric edib.

O deyir ki, tanımadığı şəxslər tərəfindən ona böhtan atılıb: “Hazırda isə İlqar Məmmədovun göstərişi ilə avtovağzal ərazisində İsmayılov Xəqani, Kələntərli Vurğun, Bərhud Əkrəm hər bir sprinterlərdən 35-40 AZN, Vita 15-20 AZN aralığında pul yığır. Xahiş edirəm, bu barədə düzgün araşdırma üçün göstəriş verəsiniz”.

Məsələyə Daxili İşlər Nazirliyi reaksiya verib. "Qafqazinfo"nun sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, həmin şəxs polis orqanlarında xidmət edib.

E. Hacıyevin sözlərinə görə, o, xidmət etdiyi dövrdə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında mart ayında ciddi nöqsanlarına görə Binəqədi RPİ rəisinin əmri ilə daxili işlər orqanlarından xaric edilib: "Sonradan Asim Kərimov özünü polis əməkdaşı kimi təqdim etməklə vətəndaşlara qarşı qanunsuz əməllərini davam etdirib.

Qanunsuz əməllərinə görə onun barəsində araşdırma başlanılıb. Buna görə o, barəsində aparılan icraatdan yayınmaq üçün sosial şəbəkələrdə əsassız,  həqiqətə uyğun olmayan iddialar səsləndirir".

Əldə etdiyimiz məlumata görə, sosial şəbəkələrdə A.Kərimov polis polkovniki, hazırda Abşeron RPİ-nin rəisi olan Musa Musayevin qohumu kimi təqdim edilir və elə həmin vaxt onun əmri ilə polis orqanlarından xaric edilib.

Asim Kərimov sosial şəbəkələrdə yayılan videoda iddia edir ki, Binəqədi rayon polis idarəsinin rəisi İlqar Məmmədovun göstərişi ilə Bakı Beynəlxalq Avtovağzalının ərazisində sürücülərdən rüşvət toplanılır.
“2023-cü ilə qədər nöqsansız xidmət aparmışam. 2023-cü ildə Binəqədi rayon polis idarəsinin yeni təyin edilmiş rəisi İlqar Məmmədov mən məzuniyyətdə olan zaman, məni məzuniyyətdən geri çağırdı, bəzi vətəndaşlar vasitəsilə mənə şər-böhtan atıldı və məni xidmətdən xaric etdilər. Hal-hazırda Binəqədi rayon polis idarəsinin rəisi İlqar Məmmədovun göstərişi ilə İsmayılov Xəqani, Kələntərli Vurğun, Bərhud Əkrəm Avtovağzal ərazisində hər bir sprinterdən 35-40 AZN, vitalardan 15-20 AZN aralığında pul yığırlar”.


Qeyd edək ki, sosial şəbəkələrdə A.Kərimov Abşeron Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayevin qohumu kimi təqdim edilir.

Bənzər yazılar

0.44730710983276