“Neftçi”nin baş məşqçisi: “Getməyim və ya qalmağımla bağlı hər hansı problem yoxdur”

 03-06-2023

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Qəbələ”yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final matçından öncə təşkil edilən mətbuat konfransında fikirlərini bildirib.

Oxu.Az xəbər verir ki, rumıniyalı mütəxəssis sabahkı qarşılaşmanı döyüşə bənzədib:

“Final matçıdır, çox çətin olacaq. Hər iki komanda kuboku qazanmaq üçün yüksək motivasiyaya malikdir. Təkcə “Qəbələ” barədə yaxşı danışmaq istəmirəm. Çox yaxşı komandaya malikdirlər. Onlara hörmət etməliyik. Finala kimi gəldikləri yola baxmaq kifayətdir. Çox yaxşı komandaları mübarizədən kənarlaşdırıblar. Döyüşməyə hazır olmalıyıq. Sabah qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Əlimizdə olan şansdan istifadə etməyə çalışacağıq. Oyuna hazırıq. Düşünürəm ki, şanslar bərabərdir”.

47 yaşlı çalışdırıcı penalti zərbələri də daxil olmaqla hər şeyə hazır olduqlarını söyləyib:

“Hər şey mümkündür. Bayaq dedim ki, sabah sona qədər döyüşməyə hazırıq. Hər şeyə hazırıq”.

“Ağ-qaralar”ın baş məşqçisi “Neftçi” adı uğrunda mübarizə aparacaqlarını qeyd edib:
“Hansı klubu təmsil etdiyimizi bilirik. Bunu qürur hissi ilə etməliyik. Sabah klubumuzu yaxşı tərəfdən təmsil etməli, döyüşməli, qaçmalıyıq. Çünki bu ad güclü, böyük addır. Burada “Neftçi” barədə danışıram. Hər bir oyunçu meydana daxil olanda dərk edir ki, klubun anlamı nədir”.

L.Regekampf kuboku qazanmayacaqları təqdirdə, istefa verib-verməyəcəyi ilə bağlı sualı belə cavablandırıb:

“Çox sevinirəm ki, oyunçularımla bərabər finala gəlib çıxmışıq. Bu o deməkdir ki, özümüz və komandamız üçün yaxşı nəsə əldə etmişik. Buradan getməyim və qalmağımla bağlı heç bir problem yoxdur. Hər gün eyni inamla çalışıram. “Neftçi” üçün nə edə biləcəyimi, səviyyəmin necə olduğunu bilirəm. Peşəkar məşqçiyəm. Müqaviləyə imza atanda bilirdim ki, risklər haradadır. İnanın, hər gün bu hiss ola-ola işləyə bilmərəm. Əldə etdiklərimə görə məmnunam. Məşqçinin keçmişi o qədər də vacib deyil. Sabah kubokun finalıdır. Ən yaxşısını etməyə çalışırıq. Aktyorlar oyunçulardır. Onlar meydana daxil olurlar, hisləri var. Səhv edə bilərlər. Robotlarla yox, insanlarla çalışırıq”.

Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Qəbələ” matçı saat 20:00-da start götürəcək.

Bənzər yazılar

0.43713808059692