Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

 30-05-2023

Kanadanın Toronto şəhərində 28 May – Müstəqillik Günü münasibəti ilə Toronto meriyasının (City Hall) binası qarşısında Azərbaycan bayrağı ucaldılıb.

Kanada Azərbaycanlılar Şəbəkəsinin (Network of Azerbaijani Canadians-NAC) və Torontoda yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə baş tutan mərasimdə Kanada parlamentinin deputatları, diplomatlar, senatorlar və dost və qardaş ölkələrin icmalarının təmsilçiləri iştirak ediblər.

Şəhərin mərkəzində təşkil olunan təntənəli mərasimdə üçrəngli, ay-ulduzlu bayrağımız Kanadada fəaliyyət göstərən Azərbaycan dili məktəbinin şagirdlərinin ifasında səslənən Azərbaycanın Dövlət Himninin sədaları altında dalğalandırılıb.

Mərasimdə çıxış edən Kanada Azərbaycanlılar Şəbəkəsinin İdarə Heyətinin sədri Anar Cahangirli 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında qonaqlara geniş məlumat verib. A.Cahangirli deyib ki, tarixin ən çətin illərində, 105 il bundan öncə Azərbaycan demokratik islahatları ilə müsəlman Şərqinin mayakı rolunu oynamağı bacarıb.

Tədbirdə çıxış edən Kanada Azərbaycanlılar Şəbəkəsinin İcraçı direktoru Nigar Cəbiyeva bu tarixi günü bütün azərbaycanlıların fəxr və qürur hissi ilə qeyd etdiyini deyib. O, qonaqlara Kanadadakı Azərbaycan icmasının fəaliyyəti barəsində geniş məlumat verib.

Mərasimdə Kanadanın hakim Liberal partiyasını təmsil edən və xarici işlər nazirinin parlamentdəki nümayəndəsi Rob Olifant çıxış edib. R.Olifant tarixi gün münasibəti ilə bütün azərbaycanlıları təbrik edib. O, Kanadanın Baş naziri Pyer Ceyms Trüdo və xarici işlər naziri Melani Colinin Azərbaycan icmasına salamlarını çatdırıb. Diplomat bildirib ki, Torontoda yaşayan azərbaycanlılar şəhərin sosial-ictimai, siyasi və mədəni həyatında aktiv iştirak edirlər. R.Olifant deyib ki, Kanada hökuməti Azərbaycanla daimi yaxın əlaqələr içində olub.

Tədbirdə Torontonun şəhər meri vəzifəsinə uğurlu namizədi Entoni Füri (Anthony Furey) çıxış edib. O bildirib ki, Azərbaycan icmasının tarixi gününə şahidlik etməkdən qürur hissi keçirir.

Tədbirdə Ontario parlamentinin keçmiş üzvü, deputat Reza Moridi, Türkiyənin Kanadadakı baş konsulunun müavini və Kanada Türk Federasiyasının rəsmiləri çıxış ediblər. Çıxışlarda çağdaş Azərbaycanın uğurlarından və coğrafiyadakı mühüm rolundan bəhs edilib.

Sonda Torontoda fəaliyyət göstərən Təbriz Ansamblının ifasında nümayiş olunan Azərbaycanın milli rəqsləri böyük maraqla qarşılanıb.

Bənzər yazılar

2.6187870502472