.backend

“Ayşən LTD”nin oktyabr faciələri... MMC rəhbərliyindən özbaşınalıq - İDDİA

Xəbər verdiyimiz kimi, Bakıda 5 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 dövlət qeydiyyat nişanlı "Mercedes” markalı yük avtomobili "Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TH 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində yaralanan xeyli sayda insanın da həyatı təhlükədədir.

Qaynarinfo.az-ın araşdırmasına görə, üç əvvəl də oktyabr ayında "Ayşən LTD” MMC-yə məxsus 160 nömrəli avtobus xətti Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşaraq xeyli sayda insanın yaralanmasına və ölümünə səbəb olmuşdu. Daha dəqiq desək, qəza nəticəsində 2 nəfər ölüb, 40 nəfər isə yaralanmışdı.

Hadisədən sonra Bakı Nəqliyyat Agentliyi məlumat yayaraq, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən "Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verildiyini açıqlamışdı: "MMC-dən ilə 160 nömrəli xətt alınaraq, ""Çinar Trans" MMC-yə verildi".

Amma nədənsə üzərindən 6 gün keçdikdən sonra - 6 oktyabr 2018-ci ildə yenidən 160 saylı marşrut xətti üzrə hərəkətdə olan "Daewoo" markalı sərnişin avtobusu 90-BD-653 dövlət qeydiyyat nişanlı "Lada" markalı avtomobillə toqquşmuşdu. Nəticədə minik avtomobili yarasız vəziyyətə düşmüşdü. Bu qəzada ölən və yaralananların olub-olmaması barədə məlumat verilməmişdi.

25 noyabr 2019-cu ildə də 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusunun iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb. Sərnişin Əminova Rəsmiyyə Zülfiqar qızı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

2020-ci ildə də "Ayşən LTD” MMC-yə məxsus digər avtobus xətlərində də qəzalar qeydə alınıb.

2021-ci il oktyabr ayının 13-ü, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxtda 5 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlandığını açıqlayıb. Açıqlamada bildirilir ki, ilkin olaraq 5 nəfərin öldüyü təsdiqlənib: "7 nəfərin isə vəziyyəti ağırdır”.

Qeyd edək ki, 2016-2017-ci ildə də "Ayşən LTD” MMC-yə məxsus bir neçə avtobusun qəza törətdiyi bildirilir. Bununla belə, MMC-nin haqda vergidən yayınma, qiymət artımından sonra sürücülərdən yüksək məbləğdə plan tələb etmə, avtobus sürücülərinin şərnişinlərlə kobud rəftarı və ciddi qayda pozmaları ilə bağlı onlayn mediada çoxsaylı yazılara rast gəlmək mümkündür.

Xatırladaq ki, "Ayşən LTD” MMC-nin direktoru İradə Əliyeva keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu və həmkəndlisi kimi təqdim edilir.

Əldə etdiyimiz digər bilgilərə görə, hazırda Bakıda 149 marşrut üzrə 2168 sərnişindaşıma avtobusu fəaliyyət göstərir ki, onlardan 7 marşrut xətti məhz "Ayşən LTD" MMC-yə məxsusdur. Qeyd edək ki, mütəmadi olaraq vətəndaşların narazılığına səbəb olan, Sabunçu rayonu yeni Ramana qəsəbəsindən Şuşa qaçqınlarının məskunlaşdığı Şuşa şəhərciyinə gedən yeganə marşrut olan 214 saylı avtobus xəttinin də sahibi İradə Əliyevadır.
 
Bu həmin İradə Əliyevadır ki, Tarif Şurasının ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflərin tətbiq olunması ilə bağlı qərarından dərhal sonra 214 saylı marşrut sürücülərindən alınan gündəlik planı 130 manatdan 180 manata qaldırıb. Məsələ ilə bağlı redaksiyamıza daxil olan informasiyada bildirilir ki, 214 saylı marşrut xəttində 18 avtobus fəaliyyət göstərməli olduğu halda hazırda xəttdə 14 avtobus var.
 
Belə çıxır ki, "Ayşən LTD" MMC-nin direktoru İradə Əliyeva 14 avtobusdan gün ərzində 2520 manat (180x14) gəlir əldə edir. Halbuki qiymət artımına qədər bu məbləğ 1820 manat (130x14) olub. Deməli, Tarif Şurasının məlum qərarı marşrut sahibinə hər gün üçün 700, hər aya isə 21000 manat əlavə qazanc gətirir. Ümumilikdə götürdükdə isə "Ayşən LTD" MMC təkcə 214 saylı marşrut xəttindəki 14 avtobusdan hər ay 75600 manat (180x14x30) gəlir əldə edir.
 
Onu da nəzərinizə çatdıraq ki, marşrut sürücüləri "Ayşən LTD" MMC-yə hər gün 180 manat plan ödəməklə yanaşı, təxminən 60-65 manatlıq yanacaq istifadə edirlər. Əldə etdiyimiz məlumatlara görə, sürücülər həmin yanacağı MMC-nin qarajından satın alırlar. Ehtimal etmək olar ki, MMC rəhbərliyi yanacağı bir qədər ucuz qiymətə əldə edib onu sürücülərə standart bazar qiymətinə satırlar. Yəni bu yolla da bir xeyli qazanc əldə olunur.
 
Odur ki, bütün bunları nəzərə alaraq Vergilər Nazirliyinin İradə Əliyevanın rəhbərlik etdiyi "Ayşən LTD" MMC-də, o cümlədən digər marşrut xəttlərində müvafiq yoxlamalar aparması, onların əldə etdikləri gəlirdən nə qədər vergi ödədiklərinə bir daha nəzər yetirməsi məqsədəmüvafiq olardı. Çünki hazırkı şəraitdə belə qənaətə gəlmək olar ki, Tarif Şurası marşrut xətt sahibləri ilə anlaşdıqdan sonra ictimai nəqliyyatda qiymət artımı ilə bağlı qərar qəbul edib. Düzdür, "Ayşən LTD" MMC-nin Tarif Şurasının qərarından sonra sürücülərdən alınan gündəlik planı nə az, nə çox düz 50 manat artırması bir təsadüf də ola bilər. Lakin unutmaq lazım deyil ki, təsadüflər zərurətdən doğur...
 
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, son illər ərzində paytaxtın müxtəlif ərazilərində yeni körpülər, yeraltı və yerüstü keçidlər inşa olunsa da, Bakının nəqliyyat sistemi hələ də tıxac problemindən canını qurtara bilməyib. Buradan da belə qənaətə gəlmək olar ki, tıxac problemi heç də körpü inşası ilə həll edilən deyil. Bunun bir neçə səbəbi var ki, onların sırasında əsasən sərişdəsiz sürücülərin varlığı, şəhərdəki avtomobil sıxlığı və yolların darlığını göstərmək olar.
 
Bir sözlə, Bakının nəqliyyat sektorunda mövcud olan əsas problemlərdən biri və bəlkə də birincisi məhz marşrutlarla bağlıdır. Odur ki, paytaxtda yaşayan və mütəmadi sərnişin nəqliyyatdan istifadə edən çox az adam tapılar ki, marşurutların işindən razılıqla danışsın. Bu problem Bakının hər yerində mövcuddur, lakin şəhərin bir qədər kənar hissələrində özünü daha qabarıq şəkildə biruzə verməkdədir. Məsələn, bir qədər öncə barəsində danışdığımız, Sabunçu rayonu yeni Ramana qəsəbəsindən Şuşa şəhərciyinə gedən 214 saylı marşrut avtobusların demək olar ki, hamısında sərnişinlər ayaqüstə, özü də "basabas"da daşınırlar. Belə ki, az qala günün bütün saatlarında 214 saylı avtobus dayanacaqlarında insan izdihamı ilə rastlaşmaq mümkündür.
 
Bunun əsas səbəbi isə marşrutların dəqiq qrafiklə işləməməsi və buna nəzarət etməli olan qurumların vəzifəsinin öhdəsindən lazımınca gələ bilməməsidir. Nəticədə isə sərnişinlər əziyyət çəkir, marşurutlarda az qalır ki, "mehribançılıq"dan bir-birinin belinə minsinlər. Çünki bütün oturacaqların dolmasına baxmayaraq, sürücülər marşurutda "basabas" yaranmayınca tərpənmirlər. Etiraz edəndə də "hələ yer var, bir az mehriban olun", deyə cavab verirlər. Qeyd edək ki, isti yay günlərində vəziyyət daha da acınacaqlı olur. İstidən, üfunətdən nəfəs almaq mümkün olmur. Hələ bu azmış kimi, əksər sürücülər biri digərini qabaqlamaqdan ötrü sürəti artırır, avtobusu təhlükəli idarə edirlər. Özünüz fikirləşin, belə vəziyyətdə sərnişinlərin təhlükəsizliyindən danışmaq olarmı?
 
Təbii ki, xeyr. Sözün açığı, bu məsələdə yalnız marşurut sürücülərini qınamaq da düzgün olmazdı. Çünki onlar özləri də bu cür vəziyyətdən bezdiklərini, bunun arzuolunmaz hal olduğunu bilir və qəbul edirlər. Lakin çarəsizlikdən, daha dəqiq desək, gündəlik planı ödəmək, xərcləri çıxdıqdan sonra evlərinə bir tikə çörək aparmaq naminə sərnişinləri normadan artıq daşımaq məcburiyyətində qalırlar.
 
Odur ki, Tarif Şurasının yeni qərarının ictimai nəqliyyatda xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcəyini iddia edən qurumlar sürücülərin boynuna yük olan plan məsələsinə, avtobuslardakı "basabas"a, intervalın düzgün tərtib olunmamasına və mövcud olan digər neqativ hallara lazımınca diqqət ayırsalar daha yaxşı olar.

 






0.64049482345581