.backend

Lerikdə kənd yolları bərbad vəziyyətdədir - VİDEO

Lerik rayon Nücü kənd sakinləri yol problemindən əziyyət çəkir. Bu barədə Milletinsesi.info-a kənd sakinləri məlumat verib.

Kənd sakinləri deyir ki, yollarda palçıqdan hərəkət etmək mümkün deyil: “Nücü kəndinə gedən yoldur. Kənd sakinləri yol problemindən əziyyət çəkir. Bir az yağış yağan kimi yolda hərəkət etmək mümkün olmur. Nə maşınlar çıxa bilir, nə piyadalar. Aidiyyəti qurumlara müraciət etsək də, müsbət cavab ala bilmirik”.

Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov Milletinsesi.info-a açıqlamasında bildirib ki, Şingədulan-Xanəgah asfalt yolunun 12-ci km-dən ayrılan avtomobil yolu 31,9 km uzunluğundadır:

“Bu yolun tikintisi ilə bağlı bir çox istiqamətlərdə lazım olan bütün müvafiq sənədlər hazırlanıb. Aidiyyəti qurumlara, o cümlədən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə bu məsələ ilə bağlı müraciət ünvanlamışıq. Artıq sentyabr ayının 23-dən başlayaraq bu günə qədər davam edən intensiv yağışlı hava şəraiti yollarda hərəkətə bir sıra maneələr yaradıb. Yağışlı hava şəraiti o cümlədən sözügedən Nücü kəndinin yollarına da ciddi təsir göstərib. Orada yüngül minik avtomobillərinin hərəkətində narahatlıq yaranıb. Amma onu da xatırladım ki, Lerik rayonunda 2 200 km-lik kənd daxili avtomobil yolları var. Onların da 100-150 km-lik hissəsinə asfalt örtüyü çəkilib. Yolların 70 faizi isə torpaq və çınqıl örtüklüdür. Nücü kəndinin yolları da bu kimi yollardandır”.

İcra başçısının müavini onu da əlavə edib ki, hazırda Nücü kəndindən başlayaraq Masallı-Yardımlı yoluna birləşmək şərtilə 8 km-lik avtomobil yolunda hazırda təmir işləri aparılır: “Hazırda sözügedən ərazidə ağır texnikalar çalışır. Bu işlər mərhələli şəkildə davam etdiriləcək. Yaxın günlər də sevinəcəyik”.

Könül Cəfərli






0.71380209922791