.backend

Səhiyyə nazirinin müavini Viktor Qasımov: “Əhali vaksinləri məmnuniyyətlə qəbul edir”

“Azərbaycana yeni növ vaksin gətirilməsi gözlənilmir. Ölkədə hələlik dörd növ vaksin istifadə olunur ki, bu da kifayətdir”. APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Nazir müavini bildirib ki, əhali üçün müxtəlif çeşiddə peyvəndlər təqdim olunur: “Hesab edirəm ki, hələlik yeni növ peyvəndlərin gətirilməsinə ehtiyac yoxdur. Çünki əhali istifadə olunan vaksinləri məmnuniyyətlə qəbul edir”.

O, əlavə olaraq qeyd edib ki, Azərbaycanda 3 milyona yaxın vaksin ehtiyatı var. Əhalinin vaksinasiyası üçün kifayət qədər peyvənd məntəqəsi yaradılıb, kifayət qədər tibb işçisi cəlb olunub: “Əhaliyə bir daha müraciət edirəm ki, peyvənd olunsunlar. Peyvənd əhali üçündür”.

Bundan başqa, Səhiyyə nazirinin müavini Viktor Qasımov vaxtı bitmiş peyvənd məsələsinə münasibət bildirib. Nazir müavini bildirib ki, hansı peyvəndlərin istifadə tarixi bitirsə, onlar istifadədən götürülür: “İndiyədək müəyyən qədər belə peyvənd olub. Bu məsələ daim nəzarətdədir. Çünki peyvəndin saxlama müddəti çox böyük rol oynayır. Ona görə bu məsələ xüsusi diqqətə götürülür. Süni tənəffüs aparatı ilə bağlı əvvəllər hansısa müəssisələrdə çətinlik olub amma indi belə problem yoxdur”.

V.Qasımov koronavirus xəstələrinə süni tənəffüs aparatlarının çatışmaması ilə bağlı məsələyə münasibət bildirib. Onun sözlərinə görə, kifayət qədər, hətta işə salınmamış avadanlıqlar var, anbardadır: “İstərdik ki, bu avadanlıqlara heç tələbat olmasın, amma olarsa, onlar fəaliyyətə başlayacaq. Üçüncü doza (buster) vaksin gücləndirici peyvənddir. Əlbəttə ki, onun kifayət qədər lazımlı olduğu öz təsdiqini tapıb”.

Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib ki, onu vurdurandan sonra immunitet xeyli artır: “Ona görə tövsiyə etmişik ki, ilk növbədə 60 yaşdan yuxarı əhali və risk qrupuna daxil olanlar bu dozanı vurdursunlar. Növbəti mərhələdə digər əhali kontingenti də buna cəlb olunacaq”.






0.63686203956604