.backend

Tbilisidəki Azərbaycan teatrı görkəmli aktyorumuzun nəticələrinin iştirakı ilə yeni tamaşa təqdim edib  

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı bu gündən yeni mövsümə başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, mədəniyyət ocağı Kote Marcanaşvili adına Dövlət Dram Teatrının kiçik səhnəsində görkəmli türk yazıçı və dramaturqu Əziz Nesinin “Öldür məni, əzizim” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerasını keçirib.

Quruluşçu rejissoru və musiqi tərtibatçısı Giorgi Apxazava olan səhnə əsərində rolları Aida Tağıyeva, Leyla Qasımova, Telman İsfahanlı və Fuad İsfahanlı ifa ediblər.

Tamaşanın izəyiciləri olan azərbaycanlı gənclər, ziyalılar, iş adamları, Azərbaycan səfirliyinin əməkdaşları və mətbuat nümayəndələri səhnə əsərini maraq və alqışlarla qarşılayıblar.

Bədii rəhbər Turqay Vəlizadə nümayişdən sonra jurnalistlərə açıqlamasında deyib ki, tamaşa çoxdan hazır olsa da, pandemiya səbəbindən premyerası bir qədər gecikib. O qeyd edib ki, yeni mövsümdə daha iki premyera planlaşdırılıb.

T.Vəlizadə bildirib ki, tamaşada yer alan İsfahanlı qardaşları görkəmli azərbaycanlı aktyor və rejissor, Tbilisidəki Azərbaycan teatrının formalaşmasında müstəsna xidmətlər göstərmiş, Gürcüstan SSR-in Xalq artisti İbrahim İsfahanlının nəticələridir: “İsfahanlı qardaşları özləri teatra maraq göstəriblər. Zənnimcə, onlar rollarının öhdəsindən yaxşı gəldilər. Ümid edirəm ki, onlar bundan sonra da səhnədə öz istedadlarını ifadə edəcəklər”.

T.İsfahanlı “Report”a açıqlamasında deyib ki, beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alsa da, aktyorluq sənətinə həvəsi yaranıb: “Bundan öncə bir tamaşada replikasız kiçik rolda çıxış etmişəm. Bu sənətə olan həvəsim qardaşım Fuada da keçdi və o da teatrda fəaliyyətə başlamağa qərar verdi. Teatra marağımızı genemizlə də əlaqələndirə bilərəm. Biz ulu babamız İbrahim İsfahanlının adına layiq davamçıları olmağa çalışacağıq”.

Qeyd edək ki, İ.İsfahanlı (1897-1967) geniş tamaşaçı kütləsinə “Böyük dayaq” filmində Yarməmməd rolunun ifaçısı kimi yaxşı tanışdır.

 






0.66231393814087