.backend

Dövlət Xidmətindən “ƏDV geri al” layihəsi ilə istehlakçılara 120 milyon manatadək vəsait qaytarılıb

“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 120 milyon manatadək vəsait qaytarılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Milletinsesi.info-a verilən məlumata əsasən, 2020-ci ilin may ayından etibarən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün yaradılmış xüsusi portalda 1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib.

Belə ki, sentyabrın 1-dək iki müvəkkil bank xətti ilə ümumilikdə 296 851 431 çek üzrə 119 660 913 040 manat həcmində ƏDV məbləği geri qaytarılıb.

Qeyd edək ki, alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizi qaytarılır.

Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəfin ƏDV ödəyicisi olması  mütləqdir. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

Bununla belə, elektron sistemə daxil edilən çeklər üzrə bir sıra hallarda ƏDV-nin geri qaytarılmasından imtina halları da müşahidə edilir. Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur. Yəni fiskal çeklərdə məhsulun adının qeyd edilməməsi, çeklərin ümumi tələblərə uyğun olmaması ƏDV-nin geri alınması üçün imtinaya səbəb ola bilər.

Araşdırmalar göstərir ki, 2 min manatdan aşağı olan çeklər üzrə imtina hallarına səbəblər, əsasən, satıcının ƏDV ödəyicisi olmaması, alıcılar tərəfindən alınmış malların geri qaytarılması və ya çekin tərtib edildiyi vaxtdan 90 gün keçdikdən sonra sistemə daxil edilməsidir. Həmçinin, təcrübədə dəyəri 2 min manatdan yuxarı olan çeklər üzrə də müraciətlərin öz təsdiqini tapmaması hallarına rast gəlmək mümkündür. Buna səbəb məlumatların kassa çeklərində əks etdirilməli olan məlumatlarla uyğun gəlməməsi, malın adının “sərbəst satış”, “satış”, “məhsulun adı” və s. bu kimi ümumi sözlər, bir hərf, rəqəm və ya yalnız rəqəmlərlə qeyd edilməsi, o cümlədən digər kod və rekvizitlərin tam şəkildə əks olunmamasıdır.

Bundan başqa, ƏDV-nin qaytarılması üçün NKA çekinin fiskal ID-sinin www.edvgerial.az portalına daxil edilməsi zamanı yeni nəsil NKA-nın quraşdırıldığı obyektin fəaliyyətinin pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyətinə uyğun olmadığı hallarda da müraciət sistem tərəfindən qəbul edilmir. 






0.53989291191101