.backend

Ağcabədi Pedaqoji Kollecində heç kimin xəbəri olmadığı tenderi kimlər və necə keçirib?

Bir mətbuat orqanı olaraq hələ ötən il Ağcabədi rayonunda qeyri sağlam biznes mühitinin hökm sürdüyü barədə məlumatlar yaymışdıq. Həmin məlumatlarda regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində, bütün rayonlarda olduğu kimi Ağcabədidə də bir çox mühüm işlərin görüldüyü, infrastruktur layihələrinin həyata keçirildiyi bildirilirdi.

Onu da əlavə etmişdik ki, Ağcabədi şəhərində küçə və yolların, meydanların asfaltlaşdırılması, yaşıllıqların salınması, işıqlandırma sisteminin yenidən qurulması, təmir və yenidənqurma işlərinin aparılmasını rayonda fəaliyyətdə olan bir-iki nəfərə məxsus MMC-lər tərəfindən həyata keçirilir. Bunun da monopoliyadan başqa bir şey olmadığını hər kəs çox gözəl bilir. Burada yuxarıda qeyd etdiyimiz işlər üçün ayrılmış dövlət vəsaitlərinin satınalmalar yolu ilə təyinatından kənarlaşdırılmasına şübhə yaradan nüanslar kifayət qədər çoxdur və bu barədə də dövrü mətbuatda çoxsaylı məlumatlar dolaşır.

Aktualinfo.org bu yöndə apardığı araşdırmalar zamanı bu dəfə heç yerdə görsənməyən bir məsələ ilə üzləşib. Belə ki, Ağcabədi rayonunda əvvəlki adı Ağcabədi Pedaqoji Texnikumu Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırda isə Ağcabədi Pedaqoji Kolleci kimi fəaliyyətdə olan təhsil müəssisəsinin keçirdiyi bir tender proseduru ilə bağlı dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilmiş məlumatlar sifarişçi qurumun da, podratçı təşkilatın da təəccübünə səbəb olub.

Qeyd etdiyimiz kimi, dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilmiş məlumata görə Ağcabədi Pedaqoji Texnikumu Məhdud Məsuliyyətli Cəmiyyəti sair xərclər üzrə 22.04.2019-cu ildə “YOL TƏMİR-TİKİNTİ İNŞAAT TICARƏT-18” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 531 000 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Lakin Ağcabədi Pedaqoji Texnikumunun direktoru və baş mühasibi onların belə bir tender keçirmədiklərini,belə bir MMC ilə satınalma müqaviləs bağlamadıqlarını bildirdilər. Podratçı təşkilatın qanuni təmsilşisi Bəhruz İsmayılov da redaksiyamıza zəng edərək belə bir müqavilənin bağlamadığını bildirdi. Ortaya suallar çıxır. Bu müqavilə bağlanılmayıbsa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kimi ciddi bir dövlət qurumunun vahid elektron portalına haradan gəlib çıxıb, kim yerləşdirib?

Biz bir mətbuat orqanı olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edirik. Qurumun rəsmi internet portalında Ağcabədi Pedaqoji Texnikumu Məhdud Məsuliyyətli Cəmiyyətinin sair xərclər üzrə 22.04.2019-cu ildə “YOL TƏMİR-TİKİNTİ İNŞAAT TICARƏT-18” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 531 000 manat məbləğində satınalma müqaviləsi bağlanılması barədə məlumatı kimlər tərəfindən yerləşdirilməsinə aydınlıq gətirin.  https://etender.gov.az/media/contracts-register

 

 


Yuxarıda qeyd etdiyimiz kimi Ağcabədi Pedaqoji Texnikumu Məhdud Məsuliyyətli Cəmiyyətinə verdiyimiz sorğuya cavab olaraq rəhbərlik tərəflərindən belə bir tenderin keçirilmədiyi bildirilir. Lakin apardığımız araşdırmalar nəticəsində Ağcabədi Pedaqoji Texnikumu Məhdud Məsuliyyətli Cəmiyyətinin yolların əsaslı təmiri üzrə 35,350 kvadratmetr işin görülməsini 2019-cu il aprel-dekabr aylarının satınalma planlarına daxil etdiyi məlumatları Dövlət Xidmətinin rəsmi portalına yerləşdirilib. https://etender.gov.az/procurement-plan/83  Bu müəmmalı tenderin keçirilməsinə Təhsil Nazirliyinin də, Hesablama Palatasında münasibət bildirməsini istərdik.

Qeyd edək ki, satınalma müqaviləsinin bağlanıldığı göstərilən “YOL TƏMİR-TİKİNTİ İNŞAAT TICARƏT-18” MMC-nin ixtisas göstəriciləri və maddi texniki bazası barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “YOL TƏMİR-TİKİNTİ İNŞAAT TICARƏT-18” Məhdud Məsuliyyətli Cəmiyyətinin  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində 22.02.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı AĞCABƏDİ RAYONU, YENİ QARADOLAQ, , ev 0, m. 0, qanuni təmsilçisinin isə İsmayılov Bəhruz Adil oğlu olduğu göstərilir.

Mənbə Aktualinfo.org






0.667396068573