.backend

"Dəmir Yolları"na 1 milyard dollara yaxın vəsait cəlb edən şirkətin Azərbaycan filialı bağlanır

"Wings and Freeman Capital” MMC-nin Azərbaycan filialı ləğv olunur. MillətinSəsi.info-nu məlumatına görə, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı pr. 13A, Xətai İş Mərkəzi 12-ci mərtəbə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Gürcüstan mərkəzli "Wings and Freeman Capital” şirkəti maliyyə cəlb edilməsində kiçik və orta sahibkarlara kömək etməklə məsləhət xidmətini həyata keçirir.

Şirkətin saytında qeyd olunan məlumata görə, "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə maliyyə cəlb edilməsi ilə bağlı QSC-yə məsləhət xidməti göstərib.

Belə ki, ADY-nin körpü təsisatı ilə bağlı 150 mln ABŞ dolları dövriyyə kapitalı ilə təmin olunması və QSC üçün 750 mln dollarlıq avrobond emissiyası proqramının işə salınmasında məsləhətçi xidməti göstərib. 

Şirkətin Azərbaycan filialı 2014-cü ildə yaradılıb və qanuni təmsilçisi Karlo Goginava-dır.

Onu da bildirək ki, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin hazırladığı araşdrımanın sonuclarına görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xarici borcu ildən-ilə artır. Maliyyə Nazirliyinə aid son 3 ilin rəqəmlərinə göz atmaq yetərlidir, “Azərbaycan Dəmir Yolları”nın xarici borcu 2016-cı ildə 545.3 mln., 2017-ci ildə 649.9 mln., 2018-ci ildəsə 838.0 mln dollar olub.

Doğrudur, QSC fəaliyyətinin səmərəliliyinin artırılması və idarə etmənin təkmilləşdirilməsi məqsədilə 2017-2022-ci illər üzrə biznes-plan da hazırlayıb. Amma arxada 3 il qalsa da rəqəmlər səmərəliliyin artmadığını göstərir.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi bəzi tövsiyələrini də verib. Mərkəz hesab edir ki, ilk növbədə dəmir yolu sektorunda biznes xətti və funksional restrukturizasiya istiqamətlərində işlər həyata keçirilməli, sektorda yük və sərnişin daşımalarına özəl operatorlar cəlb edilməlidir. Bundan başqa QSC dövlət şirkəti olaraq özünün inkişaf və rəqabətlilik strategiyasını hazırlamalı, liberallaşma bu sektorda dövlət şirkəti ilə yanaşı özəl firmaların da inkişafını təmin etməlidir.

Tövsiyələrdən biri də budur ki, dərin təhlillər aparmaqla şirkətin əsas “zərəryaratma” həlqələri aşkarlanmalı və onların gəlirlə işləməsi üçün tədbir görülməli, sərnişin daşımalarında xərclərin strukturunun optimallaşdırılması, sərnişin daşımalarının zərərsizlik səviyyələri müəyyən edilməlidir.

Qeyd edək ki, 2015-ci ilin fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyevin sərəncamı ilə “ADY”nin sədri vəzifəsinə Cavid Qəmbər oğlu Qurbanov təyin edilib.

Cavid Qurbanov bundan əvvəl Azərbaycan Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin sədri vəzifəsini tutub.






0.95967793464661