.backend

Deputat Rəfael Hüseynov Elnur Baxışın ittihamlarına cavab verdi

Milli Məclisin deputatı Rəfael Hüseynov yazıçı-publisist Elnur Baxışın ittihamlarına cavab verib.
 
Rəfael Hüseynov "Deputatla bağlı Baş Prokuror və DTX rəisinə müraciət edildi - Oğurluq iddiası” başlıqlı məqalədə qeyd edilən ittihamlara cavab olaraq məktub ünvanlayıb.

Həmin məktubu olduğu kimi təqdim edirik:
 
"Saytınızın yaydığı və həqiqəti əks etdirməyən yazı təəssüf doğurur. Aktyor Yasin Qarayevlə mən çoxdan, 1970-ci illərin ortalarından, ilk tələbəlik illərimdə Azərbaycan televiziyasında verilişlər apardığım çağlardan tanışam. O zaman Gənc tamaşaçılar teatrında çalışan Yasin Qarayev bizim bəzi verilişlərdəki səhnəciklərdə çıxış edirdi. O vaxtdan xoş münasibətlərimiz qalır.

Bir neçə il öncə Gənclər Teatrında ona həsr edilən yaradıcılıq gecəsində mənim də söz deməyimi xahiş etdi. Vacib səfərim olsa da, təxirə saldım, gəlib həmin tədbirdə geniş çıxış etdim. Bundan bir qədər sonra onun, digər tanınmış aktyor Tarıyel Vəliyevin təqaüd yaşı ilə bağlı işlədikləri teatrda problemləri yaranmışd. Yanıma gəlmişdilər, dərhal Prezident Adminstrasiyasının müvafiq şöbəsi ilə də, Mədəniyyət Nazirliyi ilə də danışdım, ayrıca məktub yazdım, köməklik göstərilməsini xahiş etdim. Yəni xeyirxah münasibətimi həmişə ifadə etməyə çalışmışam. 
 
Daha bir görüşümüzdə Yasin Qarayev mənə müraciət edərək onun haqqında xatirələr, təssüratlar toplusu olan bir kitab buraxılacağını, mənim də ora müqəddimə olaraq bir məqalə yazmağımı xahiş etdi. Elektron versiyada materiallar mənə təqdim edildi. Bu, Yasin Qarayevi tanıyan ayrı-ayrı şəxslərin yazdığı kiçik məqalələrdir. Təbii ki, həmin materiallar elektron versiyada özlərində də qalırdı.

Materiallarla tanış oldum, düşündüm ki, yazı içərimdə yetişsin, qələmə alım. Bilənlər bilir ki, hər yazının öz üzəçıxma məqamı var, anı çatmalıdır, ürəyin səni vadar etməlidir ki, masa arxasına keçəsən. Görünür, yazının gecikməsi səbəbindən Yasin Qarayev incidi ki, xeyli var əlaqə saxlamır. Həmin yazını isə yalnız bir neçə ay qabaq tamamlaya bildim. Ancaq neyləməli ki, onların gözləməyə səbri çatmadı. Hər halda bəlkə işləri ləngiyər, mənə görə vaxt itirməsinlər deyə, təqdim etdikləri xatirələr toplusunu isə müxtəlif vaxtlarda 2 dəfə Yasin Qarayevin Votsap ünvanına göndərmişəm”.
 
Qeyd edək ki, yazıçı-publisist Elnur Baxış Milli Məclisin deputatı Rəfael Hüseynova qarşı ağır ittiham səsləndirib. Buna səbəb guya millət vəkilinin onun Xalq artisti Yasin Qarayev haqqında yazdığı kitabın əlyazmasını qaytarmamasıdır.
 






0.77830910682678