.backend

Şuşa sakini Tural Mirzəyev: “Erməni qonşumuz barmağı ilə bizi göstərib dedi: “Türklər gəlir”

Tural Mirzəyev 11 yaşına qədər doğma şəhərində yaşayan, əslən Şuşalıdır. 41 yaşlı Tural şəhər azad ediləndən dərhal sonra doğma yurduna qayıdıb. O artıq məcburi köçkün deyil!

Media.Az-ın əməkdaşı Şuşada şəhərin işğaldan əvvəl necə olduğu barədə Tural Mirzəyevlə söhbətləşib:

- Şuşadan 11 yaşımda ayrıldım. Bütün uşaqlığım, əvəzolunmaz vaxtlar, ən yaxşı və ən isti xatirələr bu yerlərdə keçib. Neçə il keçsə də, onlar həmişə yanımda olublar və olacaqlar.

- Ən yaddaqalanı hansı olub?

- Seçmək çətindir. Yəqin ki, hamısı. Şuşa mütəmadi olaraq mədəni tədbirlərin keçirildiyi bir şəhər idi: festivallar, bayramlar, poeziya günləri... Bura Azərbaycanın hər yerindən insanlar gəlirdi. Burada hər zaman gülüş və sevinc səsləri eşidilib, işğal olunana qədər bu yerlərdə həyat firavan olub...

- Prezidentin Şuşa şəhərinin erməni işğalından azad olunduğunu elan etdiyi günü xatırlayırsınız?

- Əlbəttə, bunu unutmaq olar?! Onda yaşadığım hissləri dilə gətirmək mümkün deyil. Bunlar inanılmaz duyğulardır, hər şey sanki yuxu idi. İnana bilmirdim ki, yenidən doğma şəhərimə, evimə, Cıdır Düzünə və uşaqlıq xatirələrimə qayıda bilərəm.

- Eviniz harda idi?

- Torpaq Meydanı adlanan ərazidə.

- Yerində idi?

- İnanmazsınız, amma o tam qalır, baxmayaraq ki, yararsız vəziyyətdədir. 90-cı illərin əvvəllərində etdiyimiz təmir, həmin divarlar qalıb, demək olar ki, heç nə dəyişməyib... Dövlət icazə versə, təmir edib orada yaşayacağam. Bilirsiniz, bura ulu babalarımın evidir, bütün uşaqlığım orada keçib, ən yaxşı xatirələr bu yerlə bağlıdır...

- Şuşa azad ediləndən sonra ilk dəfə nə vaxt bura gəldiniz?

- Bu ilin aprel ayında.

- Siz işinizi, ailənizi Bakıda qoyub bura gəlmisiniz?

- Bəli... Əvvəlcə Şuşa ərazisində fəaliyyət göstərən tikinti şirkətlərindən birinin yeməkxanasında aşpaz işlədim. Sonra “Xarıbülbül” hotelinə müraciət etdim və orada işləməyə başladım. Mənim üçün ən vacib Şuşada olmaqdır, bu mənim üçün böyük qürurdur.

- Bəs ailəniz?

- Gələcəkdə ailəmi də bura gətirməyi düşünürəm. Bilirsiniz, mənim uşaqlarım var, tezliklə məktəbə gedəcəklər və hələ ki, Şuşada mülki əhali üçün lazımi şərait yaradılmayıb. Bu mümkün olan kimi onları gətirəcəyəm. Bunu özləri də səbirsizliklə gözləyirlər. Ümid edirəm ki, tezliklə bütün Şuşalılar üçün bu mümkün olacaq.

- Qeyd etdiniz ki, indi aşpaz işləyirsiniz, bəs şəhər işğal olunmazdan əvvəl ailəniz Şuşada hansı işlə məşğul olurdu?

- Atam bizneslə məşğul idi, ailəvi restoranımız vardı, tanınırdı. Anam evdar qadın idi.

- Ailənin tək övladısınız?

- Xeyr, biz dörd qardaşıq. İki qardaşım vəfat edib, atam da dünyasını dəyişib. Təəssüf ki, bu günləri görmək, qələbə sevincini yaşamaq, doğma yurdlarına qayıda bilmək onlara nəsib olmadı.

- Gəlin, 80-90-cı illərə, azərbaycanlıların bu ərazilərdə ermənilərlə birlikdə yaşadığı dövrlərə qayıdaq. Onlar tərəfdən hansısa düşmənçilik hiss etdinizmi?

- Düşmənçilik olduğunu deməzdim, amma bizi gözləri götürmürdü. Yadımdadır, bizim yaşlı bir erməni qonşumuz vardı, Bakıdan ermənilər ona qonaq gələndə barmağı ilə bizə göstərib dedi: “Türklər gəlir”. Amma biz yenə də onlardan bunu gözləmirdik.

- Şəhər işğal olunan gün Şuşada idiniz?

- Yox. 1991-ci ilin dekabrında şəhərdən çıxmışdım, o vaxt artıq Şuşadakı məktəblər bağlanmışdı. Təhsilimi davam etdirmək üçün Bakıya getdim. Amma mayın 5-də atam bizi geri qaytardı. Mayın 8-də onun doğum gününü ailəvi qeyd etmək istədik. O gün səhər saatlarında qardaşlarımla Yevlaxda “part-time” işlədik, doğma torpağımıza qayıda bilmədik. Həmin gün səhər qardaşımla yarım gün Yevlaxda işlədik, amma oradan doğma yurda gedə bilmədik.

Amma əmim oğlu şəhərdə idi, o, ermənilərin buradan çıxmağa imkanı olmayan insanlara macal vermədən Şuşanı necə ələ keçirdiklərini bizə danışdı. Onlar Şuşa həbsxanası istiqamətindən şəhərə giriblər və demək olar ki, dərhal atəş açmağa başlayıbar. Qardaşım yalnız mayın 10-da şəhərdən çıxa bilib. Erməni işğalçılar hər şeyi bizdən aldı: uşaqlıqlığımızı, gəncliyimizi və xəyallarımızı.






0.67976593971252