NEWS.ru: “Müdrik və uzaqgörən lider: Heydər Əliyev tarixə necə düşdü”

 10-05-2023

“Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu hesab olunur. Ümumilikdə o, Azərbaycana 23 il rəhbərlik edib. Bu, sənayenin, iqtisadiyyatın neft-kimya sektorunun, 1991-ci ildən sonra isə ölkənin müstəqilliyinin formalaşdığı, ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin çiçəkləndiyi dövr idi”.

Milletinsesi.info-ın məlumatına görə, bu barədə Rusiyanın NEWS.ru nəşrinin ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi məqalədə deyilir.

Nəşrdə ümummilli liderlə işləmək və ünsiyyət qurmaq şansı olan insanların fəaliyyətindən yazılıb.

Məqalədə ilk olaraq Heydər Əliyevin Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafına xüsusi diqqəti vurğulanıb və Kremlin sözçüsü Dmitri Peskovdan bu mövzuda münasibət öyrənilib. Peskov Rusiya Prezidenti Vladimir Putinin Heydər Əliyevin siyasi müdrikliyini və onun nöqteyi-nəzərini yüksək qiymətləndirdiyini deyib.

“Prezident Putinin Heydər Əliyevlə çox isti münasibətləri olub. O, həqiqətən də, H.Əliyevə çox hörmət edib, dəfələrlə əlaqə saxlayıblar. Əslində, indiki ikitərəfli Rusiya-Azərbaycan münasibətlərinin möhkəm əsasları məhz o zaman qoyulub. Prezident İlham Heydəroviç də eyni münasibəti davam etdirir. Təbii ki, Heydər Əliyevin ümumi tariximizdə, Sovet İttifaqının tarixində oynadığı rol danılmazdır”, - deyə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi vurğulayıb.

Məqalədə H.Əliyevin Azərbaycan SSR-in başında olarkən siyasi-iqtisadi fəaliyyətinə toxunulub, onun dövründə respublikanın əhəmiyyətli iqtisadi uğurlar əldə etməsi vurğulanıb, dünyanın 65 ölkəsinə 350 adda Azərbaycan məhsulunun ixrac edildiyi bildirilib.

Keçmiş dəmiryolları naziri, Rusiya Dəmir Yollarının ilk prezidenti Gennadi Fadeyev 1987-ci ildə Heydər Əliyevlə ilk görüşündən və Baykal-Amur magistral xətti (BAM) layihəsindən danışıb. Onun sözlərinə görə, əsrin tikintisi sayılan bu işə Heydər Əliyev rəhbərlik edib. 2002-ci ildə artıq Rusiya Federasiyasının dəmiryolları naziri olan Fadeyev RF hökumətinin başçısı adından Heydər Əliyevə “Baykal-Amur magistralının tikintisinə görə” dövlət mükafatını təqdim edib. Qeyd edilir ki, ümummilli liderin əməyinə minnətdarlıq əlaməti olaraq stansiya 2008-ci ildən onun adını daşıyır.

Rusiya xarici işlər nazirinin keçmiş müavini, Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin Heydər Əliyevi sovet və postsovet tarixi dövrünün görkəmli siyasətçisi hesab etdiyini vurğulayıb.

1990-91-ci illərdə Siyasi Büronun üzvü, SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri Aleksandr Dzasoxov isə xatirələrini bölüşərkən Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olanda SSRİ-yə səfər edən beynəlxalq nümayəndə heyətlərinin onu Şərqin Sovet İttifaqında maraqlarının təmsilçisi kimi qəbul etdiklərini bildirib.

Məqalədə həmçinin Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın, 2001-2009-cu illərdə Moldovanın prezidenti olan Vladimir Voroninin, Azərbaycan yazıçısı Çingiz Abdullayevin, Moskva Dövlət Universitetinin tarix fakültəsinin professoru, elmlər namizədi İsmayıl Ağakişiyevin Heydər Əliyevin həm Azərbaycan dövlətçiliyinin formalaşmasında, həm də Rusiya-Azərbaycan əlaqələrinin inkişafında əvəzsiz xidmətləri barədə fikirlərinə yer verilib.

Bənzər yazılar

0.19415497779846