.backend

Tovuz sakini “Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti”ndən şikayətçidir

Ayət Abduləzov: “Nə uşaqlarımı saxlaya bilirəm, nə də müalicə olunmağa imkanım çatır”

Tovuz rayonunun Yanıqlı kənd sakini Ayət Abduləzov 1 il 7 ay əvvəl iş yerində bədbəxt hadisə ilə üzləşib. Bunun nəticəsində sağlamlığını itirən 41 yaşlı kənd sakini deyir ki, indi nə ailəsini və iki azyaşlı övladını dolandıra bilir, nə də müalicə almağa imkanı çatır.

“Bir sutka sonra ayılmışam”

Ayət Abduləzov “Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti”nin (“Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş.”) Azərbaycandakı nümayəndəliyinin işçisi olub. Hadisə də Tovuz rayonunun Aşağı Əyyublu kəndində yol çəkilişi zamanı baş verib. Onu və şirkətin daha iki işçisini elektrik cərəyanı vurub.

Ayət Abduləzov dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Orada ilkin tibbi yardımdan sonra Gəncəyə göndərilib. Üç gün orada saxlanılandan sonra evə buraxılıb: “Lap əvvəl Tovuz xəstəxanasına aparılanda ölümcül vəziyyətdə idik. Əl-ayaq nə vəziyyətdə idi. Mən bir sutka sonra ayılmışam. Amma dəhşətli ağrılarım vardı. Fevralın 12-də yenidən Şəmkir hospitalına müraciət etdim, müayinələrdən keçdim. Sonra Gəncədə müayinə zamanı sağ ayaqaltı sinirlərin neyropatyası aşkar edildi”.

Ona son nəticəsə “sağ lateral və medial ayaqaltı sinirlərin neyropatiyası” diaqnozu qoyulub. Ayət Abduləzovun sözlərinə görə, uzun müddət xəstəxanadan “Forma-88” ala bilməyib, bu üzdən ona əlilliyin təyin olunması, sığorta ödənişi indiyədək yubanıb. O, bütün baş verənlərə görə işlədiyi şirkəti günahlandırır: “Mənə həkim izah elədi ki, evdə xəstələnsəydin, özümüz bülleten aça bilərdik. Amma bu bədbəxt hadisə iş yerində olub. Ona görə də aktı şirkət verməlidir. Şirkət də uzadırdı, vermirdi. Vəkil sağ olsun, nə qədər yerlərə yazandan sonra axır ki, o aktı aldı. O aktla təsdiqlənir ki, həqiqətən belə bir bədbəxt hadisə baş verib və mən xəsarət almışam. Ondan sonra xəstəxanadan “Forma-88”i almışam. İndi Əlillərin Bərpa Mərkəzinə aparıb verməliyəm, bir də sığorta şirkətinə...”

“Veclərinə olmadı ki, bu bədbəxtin ailəsi, müalicəsi necə olacaq?”

Ayət Abduləzov gileylənir ki, şirkət öz işçisinə sahib çıxmadı. Onun sözlərinə görə, rəhbərlik hadisədən sonra ona vəd vermişdi ki, həm müalicə xərclərini ödəyəcək, həm də ailəsinin qayğısına qalacaq. O iddia edir ki, verilən vədə əməl olunmayıb: “Xəstəxananın məsrəflərini ödədilər. Amma qalan heç nə eləmədilər. Axırda da mənə dedilər ki, get, kimə şikayət eləyirsən, elə, bizim arxamız bağlıdır. Mənə may ayına qədər pul vermişdilər. Ona görə ki, may ayına qədər mənə işçi kimi maaş yazmışdılar. Sonra veclərinə də olmadı ki, bu bədbəxtin ailəsi, 10-11 yaşlı iki uşağı, müalicəsi necə olacaq? Təsəvvür edin, özüm ailə başçısı ola-ola valideynlərimin hesabına dolanıram. Kreditim vardı, onu valideynlərim ödəyir, mən indi necə müalicə olunum? Ona görə müalicə də oluna bilmirəm”.

“Bütün lazımi addımlar atılıb”

“Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti”nin Azərbaycandakı nümayəndəliyinin Kadrlar şöbəsindən Əfsun adlı əməkdaş Meydan TV-yə bildirib ki, Ayət Abduləzovun ittihamlarıyla bağlı sualları cavablandırmaq səlahiyyətləri yoxdur. Şirkətin hüquq şöbəsindən isə bildirilib ki, adıçəkilən keçmiş işçiyə münasibətdə lazım olan bütün lazımi maddi və hüquqi addımlar atılıb.






0.89291906356812