.backend

İsraildə akademik Azad Mirzəcanzadəyə həsr olunmuş videokonfrans keçiriləcək - FOTOLAR

İyulun 28-də İsrailin Qüds şəhərində Bakı vaxtı ilə saat 20:00-da “Akademik Azad Mirzəcanzadə” mövzusunda onlayn-konfrans (Zoom) keçiriləcək.

Burada texnika elmləri doktoru Tofiq Xanməmədov (Texas), kimya mütəxəssisi, professor Yakov Aqarunov (İsrail), Azərbaycan Milli Aviasiya Akademiyasının “Avianəqliyyat İstehsalatı” kafedrasının müdir müavini Elman Nəcəfov (Bakı) iştirak edəcəklər. Xüsusi qonaq Rusiya və Almaniya geofiziki, ABŞ və Beynəlxalq Geodeziya və Geofizika Birliyinin həqiqi üzvü, Böyük Britaniya Kral Astronomiya Cəmiyyətinin fəxri üzvü, Avropa Akademiyasının akademiki Əli İsmayıl-zadə (Almaniya) olacaq.

Konfrans bu linkdə yayımlanacaq.

Azad Xəlil oğlu Mirzəcanzadə - azərbaycanlı alim, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Belarus Elmlər Akademiyasının fəxri akademiki, Azərbaycan SSR əməkdar elm və texnika xadimi, SSRİ-nin fəxri neftçisi, SSRİ-nin qaz sənayesinin fəxri işçisi, Belarus Respublikasının əməkdar neftçisi (1998) olub.

A.Mirzəcanzadə 29 sentyabr 1928-ci ildə Bakıda anadan olub. 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunu dağ mühəndisi ixtisası üzrə bitirib. 1958-ci ildə texnika elmləri doktoru olub. Mirzəcanzadə 1952-1960-cı illərdə dosent, Azərbaycan Dövlət Universitetinin Nəzəri Mexanika və Geofizika kafedrasının professoru olub. 1962-1977-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft yataqlarının işlənməsi və istismarı şöbəsinə rəhbərlik edib.

Mirzəcanzadə eyni zamanda şöbə müdiri, “Nefteotdaça” Rusiya sektorlararası elmi-texniki kompleksinin prezidentinin müşaviri (1968-2003), SSRİ Elmlər Akademiyası Mexanika Problemləri İnstitutunun şöbə müdiri (1969-1975), Enerji resursları Nəqliyyat Problemləri İnstitutunun şöbə müdiri (Ufa, 1978-2003), Ufa Neft İnstitutunun kafedra müdiri (1988-1990), Azərbaycan Ali Attestasiya Komissiyasının sədri (1992-2000) və AR Dövlət Elm və Texnika Komitəsininin sədri (1993-2000) olub.

1991-ci ildə A.Mirzəcanzadə Başqırdıstan Respublikası Elmlər Akademiyasının fəxri üzvü seçilib. 1995-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi əcnəbi üzvü seçilib. Eyni zamanda Beynəlxalq Şərq Neft Akademiyasının prezidenti, “Azərbaycan Neft Təsərrüfatı” jurnalının baş redaktoru və Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri vəzifələrində çalışıb.

Mirzəcanzadə mexanika və neft-qaz yataqları, neft sənayesi ticarəti sahəsində çalışıb. O, qeyri-nyuton neft yataqlarının və qaz kondensat sistemlərinin əsasını; çətin şəraitdə quyu qazmanın hidrodinamik əsasını; neft boru kəməri nəqlinin istismarı, neft və qaz yataqlarının işlənməsi üçün müxtəlif sahələrin; neft və qaz hasilatının texnoloji proseslərinin sistem təhlilinin əsasını qoyub; dənizdə neft yataqlarının işlənməsi üçün dinamik metodlar yaradıb və tətbiq edib.

O, neft və qaz yataqlarının mexanikasında, texnikasında, texnologiyasında və istismarında funfdamental elmi istiqamətlərin banisi hesab olunur.

A.Mirzəcanzadə 373 elmi əsərin, 54 elmi ixtiranın müəllifidir.

O, “Neft Fizikasının Paradoksları”, “İxtisasa Giriş”, “Yaradıcılıq haqqında etüdlər”, “Riyazi mozaika”, “Təhsilin humanitarlaşdırılmasına dair etüdlər”, “21-ci əsrin yolunda” və sair kitabların müəllifidir. Onun rəhbərliyi altında 300-dən çox namizəd və 120 elmlər doktoru yetişdirilib.

Azad Mirzəcanzadə 17 iyul 2006-cı ildə vəfat edib.

 






0.51725006103516