.backend

Vətəndaşların nəqliyyat vasitələri yanğınsöndürmə texnikalarının keçidinə mane olur 

“İyulun 23-də paytaxtın Xətai rayonu Xudu Məmmədov küçəsindəki yaşayış komplekslərinin birinin həyətində yanğın haqqında şərti həyəcan siqnalı verilərək təlim keçirilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xüsusi texnikası həmin ünvandakı yaşayış kompleksinin həyətinə cəlb olunub. Məqsəd yanğınsöndürənlərin burada hansı əməliyyat şəraiti ilə qarşılaşacaqlarını müəyyənləşdirmək olub”.

Bu barədə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, keçirilən təlimdə bir yanğınsöndürmə texnikası yaşayış kompleksinin həyətinə ümumiyyətlə daxil ola bilməyib. Digər yanğınsöndürmə texnikasının isə yanğın su hovuzuna yaxınlaşması mümkün olmayıb. Buna səbəb sakinlərin əsasən yolun hərəkət hissəsində, yəni məhəllədaxili, həyətyanı yollarda, yanğın keçidlərində fərdi nəqliyyat vasitələrini saxlamaları olub.

“Biz bir daha vətəndaşlardan, binalarda yaşayan sakinlərdən nəqliyyat vasitələrini təyin olunmamış yerlərdə pərakəndə şəkildə park etməmələrini xahiş edirik. Onlar yanğın keçidlərində, həyətyanı yollarda avtomobillərini saxlamaları ilə iriqabaritli yanğınsöndürmə texnikalarının keçidinə maneə törədirlər. Xüsusilə yanğına qarşı su təchizatı sistemlərinin, yanğın su hovuzlarının, eləcə də hidrantların yaxınlığında sakinlərin avtomobillərini park etmələri həmin hovuzdan yanğınsöndürmə texnikalarının su ehtiyatlarını bərpa etmələrinə çətinlik yaradır. Ona görə də Dövlət Yanğın Nəzarəti Xidməti aidiyyəti yaşayış kompleksində yanğının qarşısının alınmasına məsul olan şəxslər, yanğına qarşı su təchizatı sistemləri, eləcə də bu ərazi üzrə balans saxlayıcı təşkilat barəsində inzibati qaydada müvafiq tədbirlər görəcək. Onların barəsində inzibati xəta haqqında protokol tərtib olunacaq. Eləcə də aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanlarına belə halların gələcəkdə baş verməməsi üçün tədbirlərin görülməsi barədə müraciətlər olunacaq”, - deyə E.Babayev vurğulayıb.

Qeyd edilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublikanın bütün şəhər və rayonlarında mütəmadi olaraq belə tədbirlər həyata keçirilir. Xüsusilə Bakıda sakinlər fərdi nəqliyyat vasitələrini həyətyanı sahələrdə təyin olunmamış yerlərdə saxlayırlar. Bu da yanğınsöndürmə, xilasetmə texnikasının həmin əraziyə daxil olmasına və əməkdaşların vəzifə borclarını yerinə yetirmələrinə ciddi maneə törədir. Belə hallara yol verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinə əsasən verilmiş qərar və tələbnamələrin icra edilməməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslər barəsində müvafiq cərimə tədbirləri nəzərdə tutulur.






0.73069286346436