.backend

Deputat Aydın Mirzəzadə: “Zəngəzur dəhlizi açılmadan Qarabağla bağlı bəyanatlar tam yerinə yetirilə bilməz”

“Rusiya ilə Azərbaycan prezidentləri arasındakı görüş hər iki ölkənin bir çox məqamlarda fikirlərinin üst-üstə düşməsindən xəbər verir”. Bu sözləri Milletinsesi.info-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydın Mirzəzadə Azərbaycan Prezidentinin Rusiyaya səfərini şərh edərkən deyib.

A.Mirzəzadənin sözlərinə görə, görüşdə əsas məqsəd hər iki tərəf arasında əlaqələrin daha da möhkəmləndirilməsi olub:

“Xüsusilə də Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi əsas məqsədlərdən biridir. Görüş zamanı prezidentlər arasında bir çox məsələlər geniş müzakirə edilib. Tərəflər Qarabağ məsələsi ilə bağlı 10 noyabrda və 11 yanvarda imzalanmış üçtərəfli sazişlərin yerinə yetirilməsi məsələsində yekdil fikrə gəldilər.

Bu sazişlərin ayrılmaz tərkib hissəsi olan Zəngəzur dəhlizinin işə salınması ilə bağlı geniş fikir mübadiləsi apardılar. Zəngəzur dəhlizi açılmadan Qarabağla bağlı bəyanatlar tam yerinə yetirilə bilməz”.

O bildirib ki, Rusiya və Azərbaycan Zəngəzur dəhlizinin tezliklə fəaliyyətə başlaması üçün birgə tədbirlərin görülməsi barədə razılığa gəlib:

“Bu razılıq şübhəsiz ki, yerli vəziyyətin öyrənilməsi, təkliflərin dəyərləndirilməsi əsasında baş verib. Hesab edirəm ki, dünənki səfər artıq bu istiqamətdə real işə keçməyin vaxtının çatdığını bir daha göstərdi.

Növbəti addımlar artıq Rusiya tərəfdən xüsusi nümayəndə heyətinin Azərbaycana gəlməsi və əlaqələrin genişlənməsi olacaq. Bu məsələlərin geniş müzakirəsi istiqamətində müvafiq orqanlara lazımi tapşırıqların verilməsi olacaq. Bu da onu göstərir ki, artıq proses başlayıb”.

0.29136395454407