.backend

““Lənkəranski”ni o biri dünyaya göndərdik” demişdi, istintaq isə sübut etdi ki...

Azərbaycanlı “qanuni oğru” Rəşad İsmayılov barəsindəki həbs müddəti uzadıldı; hansı qətllərdə suçlanır, vəkili nə deyir? 

 

Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Rəşad Gəncinski” ləqəbi ilə tanınan Rəşad İsmayılov barəsindəki həbs müddəti daha iki ay uzadılıb. 

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, ona qarşı irəli sürülən yeni ittihamları sübut etmək çətindir. Yada salaq ki, bu günlərdə yayılan məlumata görə, R. İsmayılovun 2013-cü ildən başlayaraq 7 il ərzində “qanuni oğru” olduğu müəyyən edilib, bu səbəbdən də ona qarşı 210.1-ci maddə üzrə ittiham elan olunub. Eyni zamanda istintaq  onun 2009-cu ildə törədilmiş qətldə əli olduğunu sübut etməlidir.

Qeyd edək ki, “Rəşad Gəncinski” 2018-ci ilin noyabrında Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Minsk yaxınlığındakı elit klubların birində silah, narkotik maddələr və saxta sənədlərlə saxlanılmışdı.

“Rəşad Gəncinski” həmin məhkəmədə çox maraqlı açıqlamalar da vermişdi. “Siz(hakimi nəzərdə tutur-O.Ə) tez-tez təkrar edirsiz: oğru, oğru, oğru… Mən küçədən gəlməmişəm. Hamı hər şey deyə bilər. Mənim xəstə anam var, Əməkdar elm xadimi, elmlər namizədidir. Mənim vəfat edən atam akademik olub, onu Belarusda da yaxşı tanıyırlar”. “Gəncinski” demişdi ki, o, biznesi İlə 30-dan çox ailə dolandırır: “Mən uşaq evlərinə gedirəm, yetimlərə sponsorluq edirəm ki, rahat böyüsünlər və narkotikdən uzaq olsunlar. İndi mənə 10 il həbs cəzası kəsirsiz. Niyə axı…?” “Gəncinski” demişdi ki, dörd uşağı var: “Eyni zamanda iki arvadım var, heç biri ilə rəsmi nikahda deyiləm. Mənim inancım ikiarvadlılığa izn verir. Həyat yoldaşlarım  bir saat belə işləməyib. Uşaqlarım yaxşı  məktəbə gedir, mən onları hər şeylə  təmin edirəm”.

Məhkəmə isə azərbaycanlı “qanuni oğru”ya 10 il həbs cəzası kəssə də, ötən ilin avqustunda Belarus Ali Məhkəməsi onun 8 il tez azadlığa buraxılmasına qərarı verdi. Ancaq avtoritet dərhal Moskva Cinayət Axtarış İdarəsi əməliyyatçılarının müşayiəti ilə Moskvaya göndərildi və yenidən orada nəzarətə alındı.

Rusiya mediası yazır ki, “Gəncinski”nin vəkili Marina Boqatrıyeva müdafiə etdiyi şəxsə qarşı “cinayət iyerarxiyasında yüksək vəzifə” tutmaq barədə ittihamın çıxarılmasına nail olub. Belə ki, “Gəncinski” iddia edildiyi vaxt mütəşəkkil cinayətkarlara rəhbərlik edə bilməzdi, çünki o, 2018-ci ilin noyabrından bəri Belarusda həbsdə olub.

O, bütün kommunikasiya və rabitə vasitələrindən istifadə etmək yasaqlandığı üçün cinayətkar dəstələrə rəhbərlik edə bilməzdi. Qeyd edək ki, 221-ci maddə çox ağır ittihamdır və bu səbəbdən indi Rusiya ərazisində “mən qanuni oğruyam” deyən qalmayıb. Çünki Rusiya qanunvericiliyinə görə həmin sözlər 15 il müddətinə azadlıqdan məhrum edilmək üçün kifayət edir. Vəkil R. İsmayılova qarşı qətl ittihamları barədə isə açıqlama vermək istəməyib.

Bildirilir ki, qətllər uzun illər azərbaycanlı “qanuni oğru”lar arasında “meyvə-tərəvəz biznesi”nə nəzarət uğrunda gedən qarşılıqlı müharibə zamanına aiddir.

Belə ki, “Gəncinski” 2009-cu ilin mayında  Moskvanın İzmaylovskoye şosesindəki 69 saylı evin yaxınlığındakı “Botik Petra” kafesinin yanında güllələnən azərbaycanlılar- Məmmədəli Hüseynov və Qəşəm Verdiyevin qətli ilə bağlı istintaqa cəlb edilib. Bir mənbə deyib ki, həmin iki nəfərin də 2007-ci ilin noyabrında Bakıda nüfuzlu iş adamı Raquf Rüstəmovun qətlində əlləri olub. R.Rüstəmov azərbaycanlı “qanuni oğru”, bir neçə il əvvəl Kiyevdə öldürülən Baxış Əliyevin (“Vaxa”) himayəsində olub. Moskvaya meyvə-tərəvəz göndərən biznesmeni isə Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) sifarişi ilə öldürüblər.

İstintaqın mövcud versiyasına görə, o zaman hələ yüksək cinayət statusuna malik olmayan Rəşad İsmayılov bu qarşıdurmada “Vaxa”nın tərəfini tutub və nəticədə həmin iki nəfəri öldürüb. Amma indi bunları sübut etmək çox çətindir. Çünki 2014-cü ilin yazında “Vaxa” Kiyevdə güllələnib, üç il sonra İstanbulda Lənkəranski qətlə yetirilib.

Nəhayət, keçən ilin avqust ayında, tərəvəz məhsullarının topdan tədarükü üzərində nəzarəti ələ keçirməyə çalışan “qanuni oğru” Nadir Səlifov (“Lotu Quli”) Türkiyənin Antalya şəhərində sui-qəsd nəticəsində həyatını itirib. Bu qanlı qarşıdurmalar 2009-cu ildə törədilən Hüseynov və Verdiev cinayətlərini arxa plana keçirib və qətlin üstü açılmayıb. İzmailovskoye şosesindəki atışmanın və bütün sonrakı cinayətlərin ehtimal olunan sifarişçiləri həyatda olmadığı üçün istintaqın “Gəncinskini” bu qətllə əlaqəli olmasını sübut etmək  daha çətin olacaq.

Rusiya mediasının daha bir faktı da yada salır. Bu, R.İsmayılovun Azərbaycanda da geniş rezonans doğurmuş “Lənkəranskini o biri dünyaya göndərdik” deməsi ilə bağlı iddialardır. Bildirilir ki, Gəncinski hələ bir müddət əvvəl “Lənkəranski”nin qətlinin təşkilində iştirakı yoxlanılıb, lakin ona qarşı heç bir dəlil tapılmayıb.

Rəşad İsmayılov 1978-ci ildə Gəncə şəhərində anadan olub. Gənc yaşlarında doğulub böyüdüyü məhəllədə adı xırda cinayətlərə qarışıb. Daha sonra onun da yolu Moskvadan keçib. Burada gəncəlilərin güclü olduğu bazarlarda tanınmağa başlayıb. Bir-iki dəfə Rusiya həbsxanalarında qısa müddətli cəzalar çəkib. 2010-cu ildə qanunsuz silah saxladığına görə 1 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü ilin fevralında Moskvada böyük “sxodka” keçirilib. Həmin “sxodka”da azərbaycanlı “qanuni oğrular”dan Vaqif Süleymanov (“Vaqif Diplomat”), Əlibaba Həmidov (“Qoca Yasamalski”), Arif Mehdiyev (“Arif Sumqayitski”), Yunus Nəzərov (“Lotu Yunus”), Baxış Əliyev (“Vaxa”) iştirak edib.“Sxodka”da “Rəşad Gəncinski” “qanuni oğru” kimi taclandırılıb.

0.33935308456421