.backend

SOCAR-ın vitse-prezidentləri işdən çıxarılıb? - İDDİA

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) kadr dəyişiklikləri olub.

MillətinSəsi.info xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, SOCAR-ın vitse-prezidentləri Mikayil İsmayılov, Tofiq Qəhrəmanov və bir neçəsi işdən çıxarılıb.
 
İşdən çıxarıldığı deyilən SOCAR-ın vitse-prezidenti olmuş Mikayil İsmayılov kimdir?
 
İsmayılov Mikayıl İsmayıl oğlu 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu fakültəsinə daxil olmuş, 1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirmiş və 1988-ci ildə həmin institutu bitirmişdir.

Mikayıl İsmayılov gənc mütəxəssis kimi əmək fəaliyyətinə Neft Daşlarında başlamış, 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə çalışmışdır.

Əmək fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlı olmuşdur. M.İsmayılov 2003 -2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışmışdır.

2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti idi. Yeni Azərbaycan Partiyasının üzvüdür.
 
İşdən çıxarıldığı deyilən SOCAR-ın digər vitse-prezidenti olmuş Tofiq Qəhrəmanov kimdir?
 

Qəhrəmanov Tofiq Ridvan oğlu 1953-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1976-cı ildə M.Əzizbəyov adına Azərbaycan neft və kimya institutunu (Azərbaycan Dövlət Neft Akademiyası) mühəndis-elektrik ixtisası üzrə bitirmişdir.

1976—1983-cü illərdə Vladimir İliç adına Yeni Bakı Neftayırma Zavodunun (indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) İnformasiya-hesablama mərkəzində mühəndis vəzifəsində işləmiş, zavodun komsomol komitəsinin katibi olmuşdur.

1983—1990-cı illərdə keçmiş partiya təşkilatlarında — əvvəlcə Nizami rayon Partiya Komitəsində, sonra Bakı şəhər Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. 1990—1991-ci illərdə Vladimir İliç adına Yeni - Bakı Neftayırma Zavodunda direktor müavini, 1991—1993-cü illərdə zavodun təsis etdiyi “Azinteroil” Birgə Müəssisəsinin Baş direktoru işləmiş, 1994—1998-ci illərdə isə özəl bizneslə məşğul olmuşdur.

1998—2006-ci illərdə “Azərneftyanacaq” İB-də texniki—iqtisadi şöbənin, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda iqtisadi əməliyyatlar və investisiyalar şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

2006—2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Emalın strateji inkişafı şöbəsinin rəisi, 2007—2010-cu illər ərzində isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olmuşdur.

2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strateji inkişaf üzrə vitse-prezidenti idi.

2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Qeyd edək ki, SOCAR-ın 12 vitse-prezidenti var idi.
 
P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

0.28524589538574