“Hərbi liseylərin nəticələri ölkənin orta göstəricisindən də yüksəkdir”.
“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bu ilin XI sinif buraxılış imtahanlarının ilkin təhlili nəticələrin ötənilki nəticələrlə təxminən eyni səviyyədə olduğunu göstərir:
“Elm və Təhsil Nazirliyinin tabeliyindəki liseylərin məzunlarının orta nəticəsi 177 bal olub. Bu da kifayət qədər yüksək göstəricidir. Hərbi liseylərin nəticələri ölkənin orta göstəricisindən də yüksəkdir. Təbii ki, peşə məktəblərinin nəticələri aşağıdır və bu da gözlənilən haldır. Nəticələri təhlil edəndə hansısa bir hadisəni götürüb ümumi fikir söyləmək ixtiyarımız yoxdur. Burada müxtəlif növ məktəblərin, eyni şəraitdə olan məktəblərin nəticələrinin necə olduğuna baxmaq lazımdır. Bunu təhlil edib gələcək addımlarımızı ona uyğun atmalıyıq. Ümumiyyətlə, ölkə üzrə nəticələrin yüksək olması üçün bütün məktəblərdə təlim-tədris prosesi düzgün qurulmalıdır.
700 bal yoxdursa, dünya dağıldı?! Xahiş edirəm ki, bu fikirlərdən uzaqlaşın. Ümumiyyətlə, 290 baldan yuxarı nəticə göstərən şəxslər 300 bal toplayanlardan pedaqoji nöqteyi-nəzərdən fərqlənmirlər”.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, onların bilik səviyyəsi, demək olar ki, eynidir.
“Hansısa texniki məsələyə görə, hansısa bir problemə görə abituriyentlər 300 balı toplamayıblar. Bu, təsadüfdür. Ola da bilər, olmaya da. Əsas odur ki, 200-dən, 290 baldan yuxarı nəticə göstərənlərin sayı çox olsun”, - deyə Məleykə Abbaszadə qeyd edib.
DİM sədri bildirib ki, builki məzunlar arasında təxminən 800 nəfər xarici dildən 100 faiz nəticə göstərib:
“Riyaziyyatdan 100 faiz nəticə göstərən təxminən 600 nəfər var. Onlar misal üçün riyaziyyatdan 100 faiz nəticə göstərirlərsə, ola bilsin ki, ana dilindən 85 faiz nəticə göstərirlər. Onlar yaxşı, bacarıqlı uşaqlardır. Onların nəticələri həm bizim təhsil standartlarımıza, həm də beynəlxalq standartlara cavab verir. Açıq suallara görə, növbəti illərdə buraxılış imtahanlarının vaxtının artırılıb-artırılmayacağına aydınlıq gətirilib."
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib ki, imtahanların müddəti standartlara uyğun müəyyən edilib.
Onun fikrincə, bəzi sualları cavablandırmaq üçün orta hesabla 1-2 dəqiqə vaxt lazımdır.
“Təbii ki, açıq suallar daha çox vaxt aparır. Lakin elə qapalı suallar var ki, orada heç bir dəqiqə belə tələb olunmur, həmin sualı 1 saniyədə cavablandırmaq mümkündür. Məsələn, sual olunur ki, qonşu bucaqlar hansılardır? Bu suala baxanda anında cavab vermək olar. Burada hesablama aparmaq tələb olunmur. Bu halda həmin suala ayrılan vaxt digər suallara sərf oluna bilər. Şagirdlərin biliyini daha dərindən qiymətləndirmək üçün buraxılış imtahanlarını iki mərhələdə keçirmək olar. Lakin hazırda buna ehtiyac yoxdur”, - deyə DİM sədri vurğulayıb.
M.Abbaszadə bildirib ki, hazırkı modellə uşaqların bilik səviyyəsini qiymətləndirə bilirlər:
“Növbəti mərhələ qəbul imtahanları mərhələsidir. Buraxılış imtahanlarının sualları necə standartlara uyğun hazırlanmışdısa, qəbul imtahanları da o şəkildə təşkil olunacaq”.