“Şuşada beynəlxalq konfransın keçirilməsi bu şəhərin azərbaycanlılara məxsus olmasının göstəricisidir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, ümummilli lider Heyder Əliyevin 100 illik yubileyinə həsr olunan “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransın məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsinin böyük əhəmiyyəti var:
“Çünki Şuşa qədim Azərbaycan şəhəridir və bu şəhərin təməli 270 il əvvəl Pənahəli xan tərəfindən qoyulub. Keçən ilin də “Şuşa ili” elan olunması və Şuşada beynəlxalq konfransın keçirilməsi bu şəhərin azərbaycanlılara məxsus olmasının göstəricisidir. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransın Şuşada keçirilməsi də Şuşanın dünyada tanıdılması və Ermənistanın işğalı dövründə qədim şəhərimizin yaşadığı ağır və əziyyətli dövrü haqqında məlumatlandırılması baxımından əhəmiyyətlidir”.
Deputat söyləyib ki, konfransda dünyanın 30-dan çox beyin mərkəzinin nümayəndələri iştirak ediblər:
“Prezident İlham Əliyevin açılış nitqində konfrans iştirakçılarına ulu öndər Heydər Əliyevin ən böyük arzusunun Şuşanı azad görmək olduğunu çatdırdı. Ümummilli lider Heydər Əliyev öz həyatını xalqına və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə həsr etmiş dahi şəxsiyyətdir. Bu baxımdan konfransın ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunması və məhz Şuşada keçirilməsi xüsusi önəm daşıyır. Prezident İlham Əliyev Azərbaycanın dünən, bu gün və gələcəyə olan baxışları haqqında konfrans iştirakçılarına geniş məlumat çatdırdı. Həm də qonaqlara regional və qlobal xarakterli çoxlu suallar verməyə imkan yaradıldı. Prezident İlham Əliyev bütün sualları geniş və diplomatik şəkildə cavablandırdı.
Dövlət başçısının Azərbaycanın regionda, dünyadakı rolu və yeri, beynəlxalq aləmdə baş verən proseslər, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması istiqamətində atdığı addımlar və digər mövzular barədə verdiyi geniş cavablar konfrans iştirakçılarını çox məmnun etdi. Ulu Öndərin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın Şuşada keçirilməsi və bütün auditoriyanın aldıqları cavabdan məmnun qalması Prezident İlham Əliyevin dünya səviyyəli lider olduğunun göstəricisidir”.