“Azərbaycan UNESCO-nın çoxsaylı layihələrində iştirak edir və onların reallaşmasına öz töhfəsini verir“.
Bunu "Report"un Fransa bürosuna UNESCO Baş direktorunun Afrika prioriteti və xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko bildirib.
UNESCO rəsmisi Azərbaycanın bu qurumla əməkdaşlığını yüksək qiymətləndirdiyini deyib: “Azərbaycan mədəni irsin qorunması, sülh mədəniyyəti, multikulturalizm kimi məsələlərə xüsusi qayğı ilə yanaşır“.
O, Azərbaycanın quruma üzv ölkələrlə həyata keçirdiyi layihələrdən də danışıb: “Azərbaycan UNESCO ilə yanaşı, qurumun üzv ölkələri ilə əməkdaşlığını gücləndirirməkdə davam edir. Buna bariz nümunə Azərbaycanın Afrika ölkələri ilə sülh mədəniyyəti sahəsindəki sıx əməkdaşlığını göstərmək olar".
Firmin Eduard Matoko Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə də toxunub, ölkənin bu sahədəki fəaliyyətini də yüksək qiymətləndirdiyini bildirib.