Keçmiş işçisi “Alco Drive” ayıq sürücü şirkətinin rəhbərini ALDATDI: 32 min manat ALDI

 24-05-2022

Bakıda keçmiş müdirinə qarşı dələduzluq etmiş gəncin məhkəməsi keçirilib.

Qafqazinfo.az”ın məlumatına görə, 25 yaşlı Elnur Qədimov (soyadlar şərtidir) barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə açılmış işə Xətai Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə bildirilib ki, Elnur daha əvvəl “Alco Drive” ayıq sürücü şirkətində işləyib. O, həmin şirkətin sahibi olan Seymur Məmmədovla yaxşı münasibətlər qurub. Daha sonra atasının onun üçün dərman firmasında iş tapdığını bildirən Elnur Seymura işdən çıxacağını deyib.

Ötən ilin yanvar-fevral aylarında isə o, keçmiş müdiri ilə bir neçə dəfə görüşərək birgə dərman satışı işi qurmağı təklif edib və “Sonar Farm” şirkətindən hissə-hissə dərmanlar gətizdirərək böyük məbləğdə pul götürəcəklərini, 25 gün sonra isə ilk gəlirlərini əldə edəcəklərini bildirib. Bu yolla o, Seymurdan 32 min manata yaxın pul alıb.

Bir müddət keçdikdən sonra isə Seymur aldadıldığını başa düşərək Elnurdan pullarını geri tələb edib. Qarşı tərəf isə səmimi şəkildə pulları öz məsrəflərinə xərclədiyini deyib. Pullarını ala bilməyən iş adamı hüquq-mühafizə orqanlarına müraciət edib və Elnur Qədimov barəsində cinayət işi açılıb.

Məhkəmədə E.Qədimov xeyli borcunun olmasına görə keçmiş müdirini aldadaraq ondan pul almaq qərarına gəldiyini və aldığı pulların 10 min manatını geri qaytardığını bildirib.

Seymur Məmmədov isə Elnurun onunla görüşə bahalı avtomobillə gəldiyini, onu yaxşı gəlir əldə etdiyinə inandırdığını deyib.

Məlum olub ki, Elnurun istifadə etdiyi avtomobillər “Rent a car”dan icarəyə götürülübmüş.

Xətai Rayon Məhkəməsi 25 yaşlı Elnurun ilk dəfə cinayət törətməsini, dəymiş ziyanın bir hissəsini ödəməsini və sair nəzərə alaraq onun həbs edilməməsinə qərar verib. Ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron nəzarət cihazı tətbiq edilib.

Bənzər yazılar

0.20472002029419