Generalın iş adamı ilə söhbəti NİYƏ BAŞ TUTMAYIB? – Məhkəmədə QALMAQAL

 24-05-2022

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə mətbuat nümayəndələrinin açıq məhkəmə prosesində iştirakına icazə verilmir. Hər dəfə bir bəhanə gətirilərək jurnalistlər məhkəmə zalına buraxılmır. Mayın 23-də keçirilən prosesdə zərərçəkmiş qisminsdə Natiq Teymurovun qardaşı Sabik Teymurov isfadə verib. O deyib ki, qardaşı Natiq Teymurov 2013-cü ilin sentyabrında MTN tərəfindən saxlanılıb.

İttihama görə “Sədərək” ticarət mərkəzində fərdi sahibkarlıqla məşğul olmuş Natiq Teymurov tutulandan sonra iş üzrə istintaq İstintaq Baş İdarəsinin Metodiki Yardım və Kriminalistika şöbəsinin müstəntiqi Fuad Məmmədova həvalə edilib. Bundan sonra şöbənin rəisi Sahib Ələkbərov Natiq Teymurovun həbsdə saxlanılacağı və ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə nail olacağı ilə hədələyib. Natiq Teymurovdan azad edilməsi üçün əvvəlcə 300 min manat tələb edib. Eyni tələb onun qardaşı Rəfael Teymurluya qarşı da irəli sürülüb. Razılaşa bilmədikdə isə məbləğ 150 min manata endirilib.

Sentyabrın 20-də həmin Rəfael Teymurlu 150 min manat pulu MTN-in arxa qapısında Sahib Ələkbərova verib. Bundan sonra Natiq Teymurovun həbsdən azad olunması üçün təcridxana şəraitində saxlanmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə məhkəmə-tibb ekspertizasının 25 sentyabr 2013-cü il tarixli 251/KEŞ saylı rəyinin alınmasına nail olunub. Həmin gün Natiq Teymurov həbsdən azad edilib. Məhkəmədə şahid qismində sərbəst ifadə verən Sabik Teymurovun sözlərinə görə, qardaşı Natiq Teymurovun həbsdən buraxılması üçün MTN-nin əməkdaşı Sahib Ələkbərovun tələb etdiyi 150 min manat pulun 8 min manatını o verib:

“Həmin pulu uşaqlarının gələcəyi üçün, ailəmin təminatını ödəmək üçün boğazlarından kəsərək yığmışdım. Qardaşımın azadlığa buraxılması üçün pulu qardaşım Rəfaelə verdim. Dedim ki, məndə olan pul budur, versin, qardaşımızı buraxsınlar. Rəfael 150 min manat pulu aparıb Sahib Ələkbərova verəndən sonra qardaşım Natiq həbsdən azad edildi”.

Daha sonra Natiq Teymurovun ekspertizadan keçirilməsi epizodu üzrə şahid qismində Cavid Cahangirli sərbəst ifadə verib. Məhkəmə Tibb Ekspertizası komisyon ekspertizalar şöbəsinin məhkəmə tibb eksperti işləmiş Cavid Cahangirli ifadəsində göstərib ki, Natiq Teymurovun müayinəsini həyata keçirib. Sərbəst ifadəsindən sonra zərərçəkən Zaur Əliyev ekspertə bir neçə sual verib. Ekspert olaraq həbsdə olan şəxsin azad edilməsinə müdaxilə etmək imkanının, həbs şəraitinin dəyişdirilməsi səlahiyyətinə malik olub-olmaması maraqlanıb. Cavid Cahangirli deyib ki, onun kimisə həbsdən azad etmək və ya saxlama şəraitini dəyişmək imkanı olmayıb.

Ekspert vurğulayıb ki, ekspertiza qarşısına qoyulan suallara cavab olaraq müayinəyə təqdim edilən şəxsin sağlıq durumu qiymətləndirilib. MTN tərəfindən təqdim olunan suallar sırasında müayinə olunan şəxsin həbsdə saxlanılmasının məqsədəmüvafiq olub-olmamasına aydınlıq gətirilməsi də istənilib. Belə bir halda müayinə olunan şəxsin azad edilməsinin məqsədəmüvafiq olması cavabı verilib.

Ekspert komissiyasının üzvü İsrayil Məhərrəmbəyli də eyni məzmunlu ifadə verib. Bundan sonra Natiq Teymurovun istintaqını aparmış müstəntiq Fuad Məmmədov şahid qismində ifadə verib. MTN-nin İstintaq Baş İdarəsinin Metodiki Yardım və Kriminalistika şöbəsinin müstəntiqi vəzifəsində işləmiş Fuad Məmmədovun sözlərinə görə, şöbə rəisinin müavini Sahib Ələkbərovun adından Seyran Nəcəfov, Elvar Əliyev, Natiq Teymurov, Etibar Cəfərov və qeyrilərinin barəsində Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi başlanılmış cinayət işini icraatına verilib və istintaq qrupu yaradılıb, həmin cinayət işini icraatına qəbul edərək istintaqını aparıb.

Fuad Məmmədov qeyd edib ki, cinayət işi ilə bağlı heç kimdən pul almayıb, tələb etməyib. Onun sözlərinə görə, müstəntiq olaraq prosessual şəxs olub və tabeçiliyi istintaqa nəzarəti həyata keçirən prokurora olub. Bildirib ki, qəti imkan tədbirinin seçilməsi, dəyişidirlməsi sırf prokurorluğun göstərişi əsasında həyata keçirilib. Şahidin sözlərinə görə istinaq müddətində törədilən əməlin qaçaqmalçılıq olmadığı üzə çıxıb və daha yüngül maddəyə tövsif olunaraq həbsdə olunan şəxslər azad ediliblər.

İş məhkəməyə göndərilərək müvafiq qərar verilib. Bu epizod üzrə məhkəmə zalında olan zərərçəkənlər bildiriblər ki, istintaqa əvvəlcədən onların əməlində qaçaqmalçılıq olmadığı bəlli olub. Məhkəmədə isə boş qutuları yandırmaqla guya onlardan götürülmüş keyfiyyətsiz malların məhvi görüntüsü yaradılıb. Bundan sonra vaxtı ilə Ədliyyə Nazirliyində işləmiş Mənsurə Hacıyeva da şahid qismində ifadə verib. O, oğlu Qulam Bağırovun MTN tərəfindən şərlənərək həbsə alındığını deyib:

“Bu gün burada dəmir barmaqlıq arxasında əyləşmisən (Mövlam Şıxəliyevi nəzərdə tutub). Sizə görə bizim ailəmiz çox ağır bir vəziyyətə düşdü. Oğlum Qulamı həbs elədiz, etmədiyi cinayətə görə bizim ailəyə qarşı quldurluq etdiz. Bizdən aldığınız pulları ailələrinizə, övladlarınıza verəndə nə deyirdiz? Mən bu gün də kirayədə yaşayıram. Haramınız olsun. Uzun illər Ədliyyə Nazirliyində işlədim, heç vaxt sizin kimi Allahsızlıq etmədim. Bizdən 135 min dollar pul aldınız, oğlum Qulama heç bir aidiyyəti olmayan işə qoşub Ağır Cinayələr Məhkəməsinə göndərdiz. Orada da Qulama hakim dedi ki, məhkəməyə gəlmə. 1 il sonra da çağırıb saxta bir hökmü Qulama veriblər, deyiblər ki, sənə şərti hökm kəsdik”.

Mənsurə Hacıyeva qeyd edib ki, hazırda həbsdə olan MTN rəsmilərinin tələb etdiyi pulun toplanması zamanı rəfiqəsi Adilə Əhmədovadan 5 min dollar, baldızı oğlu Vahiddən 5 min dolları, bacısı Şöhlətdən 500 dollar, ayrı-ayrı sələmçilərdən ümumilikdə 5500 dollar pul alıb. Bundan sonra iş üzrə şahid qismində Əliyusif Zeynalov sərbəst ifadə verib.

Məlum olub ki, Mövlam Şıxəliyevin uzaq qohumu olan Əliyusif Zeynalov həm də iş üzrə zərərçəkən Akif Qurbanovla dost olub. 2021-ci ilin əvvəllərində (bu söhbətdən bir neçə ay sonra Mövlam Şıxəliyev həbs edilib – red.) Mövlam Şixəliyevlə bulvarda gəzişib: “Bu zaman Mövlam mənə dedi ki, Akif Qurbanov adlı şəxs ondan şikayətçidir. Şikayətçi işləri ilə bağlı guya ondan pul alınmasını istəyib. Mən də Mövlam Şıxəliyevə dedim ki, Akif Qurbanovla dostdumdur.

Bundan sonra Mövlam Şıxəliyev Akif Qurbanovla görüşmək istədiyini dedi. Akif Qurbanovla danışmağımı və şikayət etməməsini istədi. Mən də Mövlam Şıxəliyevin xahişi əsasında onları görüşdürüb, problemin həllinə kömək edə biləcəyimi dedim. Təxminən bir həftə sonra o, Akif Qurbanovla onun yaşadığı binanın həyətində görüşdüm. Akif Qurbanova Mövlam Şıxəliyevin dediklərini çatdırdım. O, qardaşı Münasibin yanına gedib, orada söhbət etməyi təklif etdi. Birlikdə Münasibin Səməd Vurğun küçəsində ofisində oturaraq söhbət etdik.

Mövlam Şıxəliyevin onlarla görüşmək istədiyini dedim. Akif Qurbanov Mövlam Şixəliyevin MTN-də işləyən zaman rəisi olduğu istintaq baş idarəsində ondan pul alındığını və Mövlam Şıxəliyevdən öz pulunu istədiyini bildirdi. Dedi ki, əlində məhkəmə qərarı var, ona qarşı edilmiş qanunsuz əməllər sübut olunub və alınan pul qaytarılmalıdır”. Əliyusif Zeynalov bildirib ki, detalları müzakirə etmədən Mövlam Şıxəliyevlə görüşüb, məsələni həll etməyi təklif edib:

“Akif Qurbanov da görüşə razılaşdı. Növbəti gün Akif və Münasiblə Azadlıq prospektində Mövlam Şixəliyevin təklifi ilə onun qudası Mübarizin adını xatırlamadığım restoranında görüşdük. Söhbət zamanı Akif Qurbanov Mövlam Şıxəliyevə oğlunun banka kreditə girib, onlara pul verdiyini bildirdi. Dedi ki, siz mənə böyük əziyyətlər verdiz, məni ölkədən didərgin saldınız. Mövlam isə “həmin əziyyətlərin mənə aidiyyəti yoxdur” dedi. Mövlam Şıxəliyev orada Akif Qurbanovdan şəxsən ona pul verib-vermədiyini soruşdu. Akif Qurbanov isə pulu Vüsal Ələkbərova verdiyini, bu işə rəhbərliyin Mövlam Şıxəliyevin etdiyini və göstərişi məhz onun verdiyini dedi. Mövlam Şıxəliyev isə Alif Qurbanova dedi ki, Vüsal Ələkbərov bu işə görə cəzasını çəkib və azadlığa çıxıb. Bildirdi ki, onun isə məsələyə aidiyyəti yoxdur. Mövlam Şıxəliyev görüş zamanı Akif Qurbanova şikayətini geri götürəcəyi halda pulu verəcəyini dedi və razılaşdılar”.

Əliyusif Zeynalov qeyd edib ki, söhbət növbəti gün Akif Qurbanovun qardaşı Münasibin ofisində davam etdirilib:

“Həmin görüşdə Akif Qurbanov və qardaşından başqa bir vəkil də vardı. Akif Qurbanov mənə bir neçə səhifədən ibarət sənəd uzadaraq hirsli halda “al oxu” dedi. Sənəd barədə soruşdum. Akif Qurbanov Mövlam Şıxəliyevin ona həmin sənədlərdə Mövlam Şıxəliyev və Vüsal Ələkbərovdan şikayəti əsəbi halda əsassız yazdığını, əslində heç bir günahlarının olmadığını yazmasını tələb etdi. Vəkil isə dedi ki, Akif Qurbanov belə bir ərizə yazacağı halda yalançı kimi qəbul olunacaq və özü məsuliyyətə cəlb oluna bilər. Orada Mövlam Şixəliyevə zəng etdim, vəkillə danışdırdım.

Vəkil Mövlam Şıxəliyevə bu formatda yazılan ərizənin Akif Qurbanovun ziyanına yazılan yazı olduğunu, Mövlam Şıxəliyev isə vəkilə bu söhbəti Vüsal Ələkbərova deyəcəyini bildirdi. Akif Qurbanovla Mövlam Şıxəliyevin razılaşmasının alınmadığını başa düşdüm”.

Əliyusif Zeynalov deyib ki, bundan sonra oradan uzaqlaşıb. Növbəti proses mayın 24-də davam edəcək. İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər. Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Bənzər yazılar

0.34727597236633