Qayana Yüksel: “İşğalçı hakimiyyət krımtatarları dağıdıcı element hesab edir”

 24-04-2023

“Krımtatarlara qarşı repressiyalar təkcə Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etdiyi andan deyil, Krımın işğalından sonrakı 9 il ərzində də davam edib”.

Bunu Krımtatar Xalq Məclisinin nümayəndəsi, Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin kollegiya üzvü Qayana Yüksel şərhində bildirib.

Onun sözlərinə görə, əsasən yerli krımtatarlara qarşı repressiv tədbirlər tətbiq olunub.

“İşğalçı hakimiyyət krımtatarları dağıdıcı element hesab edir, çünki onlar işğala qarşı çıxıblar. Ümumilikdə deyirlər ki, Krımın Rusiya tərəfindən ələ keçirilməsinə yalnız krımtatarlar qarşı çıxıblar. 2023-cü ilin birinci rübünün son hesabatı uzun müddətdir davam edən repressiv siyasətin davam etdirilməsinin sübutudur. Həqiqətən də, işğalçılar Ukrayna Silahlı Qüvvələrinin qarşıdan gələn əks-hücumundan qorxurlar, onlar başa düşürlər ki, 9 il ərzində törədilmiş cinayətlərə görə cəza qaçılmazdır. Beləliklə də, inzibati və cinayət işlərindən tutmuş, necə deyərlər, “mülki nəzarət”ə kimi bütün “vintləri” daha da sıxırlar”.

Politoloqun sözlərinə görə, bu sıxışdırılma donos, xəbərçilik yolu ilə həyata keçirilir.

“Elə saytlar, “Telegram” kanalları var ki, orada belə məlumatlar yerləşdirilir. İnsanlar Ukrayna ilə bağlı hər hansı qeydə, istənilən əlaqəyə görə cəzalandırılır. Kimsə Ukrayna musiqisini, Ukraynanın simvolik cərgəsini, dövlət bayrağının rənglərini bəyənir, deyirsə ki, Ukraynada yaxşı idi - o şəxs artıq etibarsızdır. Onu tapırlar, şəxsi məlumatlarını ifşa edirlər, videoda üzr istəməyə məcbur edirlər (əgər “günahı” əhəmiyyətsizdirsə). Kiminsə günahının kifayət qədər ciddi olduğuna inanılanda isə (əslində heç bir qanun pozuntusu olmayıb), o zaman bu insanların müəssisələrinin bağlanması üçün iş aparır, cərimələyir və s. Yəni repressiv tədbirlərdən geniş istifadə olunur. Bütün bunların səbəbi isə dediyim kimi, indiyə kimi törətdikləri cinayətlərdən qorxmalarıdır”.

Q.Yüksel Krım işğaldan azad edildikdən sonra necə olacağına gəldikdə isə bunu çox geniş spektrə malik məsələ olduğunu dedi:

“Asayişi bərpa etmək, hər şeyi yenidən formatlaşdırmaq, yarımadanı Ukrayna hüquq sahəsinə qaytarmaq lazım gələcək. Bu, siyasətə, iqtisadiyyata, təhsilə, mədəniyyətə, hərbi sahəyə və s. aiddir. Bütün bunların necə olacağı ekspert müzakirələrinin mövzusudur və artıq belə müzakirələr gedir. Bu işə qeyri-rəsmi olaraq Ukrayna Prezidentinin Krım Muxtar Respublikasındakı Daimi Nümayəndəliyi rəhbərlik edirdi.

Aydın məsələdir ki, “A-protokolu” adlanan qurumdan birinci pillələrdə olan kollaborantlar cəzalandırılacaq. Bəs digər insanlarla - işləyən məktəb direktorları, həkimlər, mühəndislərlə nə etməli? Bunlar cavabları üzərində iş aparılan suallardır”.

Krımın statusuna gəlincə, ekspert bildirdi ki, bununla bağlı müxtəlif fikirlər var.

“Kimsə düşünür ki, mövcud statusu dəyişməyə dəyməz. Digərləri dəyişikliklərin tərəfdarıdır, hesab edirlər ki, Krıma Krımtatar Milli Ərazi Muxtariyyəti statusu verilməlidir”.

Politoloq özü statusun dəyişdirilməsində zərurət gördüyünü dedi.

“Anlaşılmazlıq və yerli əhalinin maraqlarına məhəl qoyulmaması, krımtatarlarla bir sıra sahələrdə iş görülməməsi bir çox səhvlərə (əsasən 2014-cü ildən əvvəl) səbəb oldu. İndi bu səhvlər nəzərə alınmalı və düzəldilməlidir”, - deyə Q.Yüksel sözlərini yekunlaşdırdı.

Nair Əliyev

Bənzər yazılar

0.45905613899231